"ABŞ prezidenti Donald Tramp Pekindəki çıxışında Çinin güclü dövlətə çevrildiyini söyləyərkən rəqib ölkənin artan hərbi gücünə də eyham vurub. Vaşinqtonu ən çox bu amil narahat edir".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, son illərdə Pekinin müdafiə büdcəsinin davamlı şəkildə artırılması, müasir silah sistemlərinin hazırlanması, hipersəs raketləri, süni intellekt əsaslı hərbi texnologiyalar və xüsusilə Sakit okean regionunda artan hərbi aktivlik ABŞ üçün əsas strateji narahatlıq mənbələrindən birinə çevrilib:
"Əlbəttə, Pekinin Tehrana təzyiq etməsi gərəkliyi kimi mövzular da Çində müzakirə olunub. Ancaq Çinin İrana dəstəkdən əl çəkməyəcəyi Trampa Pekinə səfərdən əvvəl də bəlli idi. Vaşinqton Çinin Asiya və Sakit Okean bölgəsində artan hərbi gücünü durdurmağın yollarını arayır. Çünki Çin Tayvanı ələ keçirərsə, bu, Pekinin bölgədə dominantlığını artıracaq. Vaşinqton buna yol verməmək üçün Çinlə rəqabət içində olan ölkələrlə, o cümlədən Yaponiya, Avstraliya və Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirib.

ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean komandanlığının komandanı Samuel Paparo bir müddət əvvəl Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, ölkəsinin hərbi sahədə Hindistanla əməkdaşlığının gələcək inkişafına xüsusi əhəmiyyət verir. Admiral Yeni Dehli ilə müdafiə əlaqələrinin inkişafından danışarkən əsas diqqətin məhz buna yönəldiyini vurğulayıb. Paparonun sözlərinə görə, iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət aktiv şəkildə genişlənib. Xüsusilə silahlı qüvvələr arasındakı münasibətlər artan templərlə inkişaf edir. Admiral əlavə edib ki, Hindistan Pentaqon generallarının ən çox ziyarət edilən tərəfdaşlarından biridir. O, həmçinin Hindistan hərbi komandanlığının nümayəndələri ilə mütəmadi olaraq, o cümlədən telefon vasitəsilə əlaqə saxladığını bildirib".
Politoloq bildirib ki, Hindistanın ABŞ ilə hərbi əməkdaşlığı genişləndirərkən, özünün müdafiə xərclərini də artırıb:
"Hindistan 2029-cu ilə qədər təxminən 6 milyard dollarlıq müdafiə ixrac hədəfi müəyyən edib. Hindistan hərbi potensialına görə bölgədəki əsas rəqibi Çindən geri qalmamağa çalışır. Amerikalı rəsmilər və ekspertlər bu fikirdədirlər ki, ABŞ və Avropa təkbaşına Çinlə rəqabət apara bilməyəcəklər. Buna görə də Vaşinqton və Brüssel Çinin artan gücü və ambisiyalarıyla mübarizədə Hindistanın mərkəzi yerdə dayanması qənaətindədirlər. Bu arada, dövlət katibi Marko Rubio bildirib ki, o, ABŞ-nin müdafiə texnologiyalarını Hindistanla bölüşməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, Hindistan müasir texnologiyalardan istifadə edərək dron istehsalını artırıb.
Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi və Rusiya-Ukrayna müharibəsi göstərdi ki, müasir müharibələrdə qələbəni ordunun peşəkarlığı ilə yanaşı, həmin ordunun müasir texnologiyalardan istifadə imkanları təmin edir".
Xalidə Gəray
Musavat.com