AZ

Avtopilot sistemləri insan reaksiyasından həqiqətən daha təhlükəsizdir, yoxsa bu sadəcə marketinqdir? - AÇIQLANDI

“Avtomobillərdə istifadə olunan “avtopilot” sistemləri tam müstəqil idarəetmə texnologiyası hesab edilmir. Mövcud sistemlərin böyük əksəriyyətində sürücü nəqliyyat vasitəsinə nəzarəti tam şəkildə sistemə təhvil verməməlidir və hüquqi baxımdan əsas məsul şəxs sürücü hesab olunur. Lakin qəza proqram təminatındakı nasazlıq, sensor xətası və ya istehsalçı tərəfindən təhlükəsizlik imkanlarının yanlış təqdim olunması nəticəsində baş verərsə, həmin halda istehsalçının da hüquqi məsuliyyəti yarana bilər”.

Bu sözləri SİA-ya açıqlamasında Center Satış sonrası xidmət departamenti rəhbəri Razil Nağıyev deyib.

O bildirib ki, avtopilot sistemləri müəyyən hallarda insan sürücüdən daha sürətli reaksiya göstərə bilir. Xüsusilə məsafə saxlama, təcili əyləcləmə və zolaqda qalma kimi funksiyalarda təhlükəsizliyin artırılmasına müsbət təsir göstərdiyi artıq sübut olunub. Bu sistemlər yorulmur, diqqəti yayınmır və sensorlar vasitəsilə ətraf mühiti fasiləsiz şəkildə izləyir. Bununla belə, mövcud texnologiyalar hələ insan sürücünü tam əvəz edə biləcək səviyyəyə çatmayıb. Qeyri-standart yol şəraiti, yol təmiri zonaları, silinmiş yol xətləri və ya gözlənilməz maneələr zamanı insanın qərarvermə qabiliyyəti hələ də üstün hesab olunur. Ən böyük risklərdən biri isə sürücülərin sistemə həddindən artıq güvənməsi və diqqətin yoldan yayınmasıdır:

“Pis hava şəraiti avtopilot sistemlərinin ən zəif tərəflərindən biri hesab olunur. Yağış, qar və duman zamanı kameralar, radar və digər sensorların işləmə keyfiyyəti aşağı düşə bilər. Yağışlı havada yol xətlərinin və maneələrin tanınması çətinləşir, qar şəraitində isə zolaqlar və yol nişanları tam görünməyə bilər. Dumanlı havada sensorların məsafəni düzgün qiymətləndirmə qabiliyyəti də zəifləyir. Bu səbəbdən bir çox avtomobil belə şəraitdə sürücüyə xəbərdarlıq edir və bəzi avtopilot funksiyalarını məhdudlaşdırır.
Nəticə etibarilə, müasir avtopilot sistemləri sürücünü tam əvəz edən deyil, ona yardım edən texnologiyalar hesab olunur. Bu sistemlər təhlükəsizliyi artırsa da, bütün yol və hava şəraitində tam müstəqil və qüsursuz işləyən texnologiya səviyyəsinə hələ çatmayıblar”.

Ayşən Vəli

Seçilən
20
1
sia.az

2Mənbələr