AZ

Xalq şairi Musa Yaqubun xatirə gecəsi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dağlıq Şirvan Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İsmayıllı şəhər Mədəniyyət Mərkəzində baş tutan Xalq şairi Musa Yaqubun xatirə gecəsini əslində ədibin cismən yoxluğunun beş ilinin hesabatı da adlandırmaq olar.

Biz onun 75 yaşında dogma xalqı qarşısında hesabatını silsilə tədbirlərlə yanaşı, AVCİYA prezidenti, Şamaxının o zamankı millət vəkili Elxan Süleymanovun dəstəyi ilə ərsəyə gətirdiyimiz “Dövrün dəyirmanı” kitabının, 80 yaşının tamamını yenə də silsilə tədbirlər və “İndi bildim nağıldı…”, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunmuş “Gərək bu sözümü daşlara yazam” kitablarının çapı ilə dinləmişdik.

Amma özündən sonra 16 may 2026-cı il tarixində keçirilən tədbir mahiyyətcə heç də sağlığındakılardan geri qalmadı. Bu isə zamanında bir sıra yazarların, o cümlədən mənim də qeyd etdiyim “Musa Yaqub yaradıcılığının əhəmiyyəti yerində saymayacaq, əksinə zamanla öz klassik mahiyyətinə qovuşacaq” fikrinin əyani təsdiqi idi. Musa Yaqub bu anlamda hər gün, hər saat canından çox sevdiyi xalqının, əzəmətindən qürrələndiyi, gözəlliyindən zövq aldığı, əzilib-məhv edilməsindən pərişanlıq yaşadığı Azərbaycan təbiətinin yanındadır. Biz onun poeziyasından mənən qidalana-qidalana, onun gözü ilə baxmaq istəyirik cəmiyyətimizə və ana təbiətimizə. Baxa bilirikmi…bu ayrı söhbətin mövzusudu.

Şair dostumuz Bəhruz Məmmədov öz qeydlərində yazıb ki, bu xatirə gecəsi Musa Yaqubun 89 yaşının adlaması ilə 90 illik yubiley tədbirlərinin startı kimi dəyərləndirilir. Onun sözünü alqışlayaraq bu addımın uğurla sonuclanmasında hər hansı formada iştirak etməyi bütün musayaqubsevərlərə arzulayıram.

Xatirə gecəsinin özəlliklərinə gəlincə, təşkilatçılara təşəkkür etməyi bütün Musa Yaqub çeşməli bulaqdan qidalanan hər kəsin adından özümə borc bilirəm. Qələm məni nə qədər ovqat yazısı yazmağa sövq etsə də, jurnalistikanın belə tədbirləri işıqlandırmaq üçün hamımızı səfərbər etdiyi qızıl qanunlardan qırağa çıxmamağa çalışıram. Xatirə gecəsi  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayevin, İsmayıllının millət vəkili Novruz Aslanın, şair Baba Vəziroğlunun, tanınmış yazıçı Yaşar Əliyevin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltanın,  Buynuz kəndinin ziyalısı, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquqşünas-şair Simran Həsənovun, şair Maarif Soltanın, bədii qiraət ustası Pünhan İsmayıllının çıxışları Xalq şairinin çoxşaxəli yaradıcılığı barədə məlumatları və onun haqqında xatirələri əsasən əhatə etmiş oldu. Sonda çıxış edən Mədəniyyət Nazirliyi tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin və Musa Yaqub ocağının  təmsilçisi Rüfət Qarazadə isə ailə adından tədbirin təşkilatçılarına təşəkkürlərini çatdırdı. R.Qarazadə onu da qeyd etdi ki, “bu gün nəinki Musa Yaqubun oxucuları, doğmaları və onu sevənlər, əslində hər kəs onu yaşadır, xatirəsini yad edir. İnanıram ki, bizdən sonrakı nəsillər də Musa Yaqub poeziyasını sevəcək, onun nanə yarpağı kimi kövrək, saf və duyğulu şeirlərini oxuyub bu şeirlərdən faydalanacaqlar”.

Çıxışlararası Dağlıq Şirvan Mədəniyyət İdarəsi aktyorlarının şairin siluetini canlandırmaqla yaratdıqları ədəbi-bədii kompozisiya və müğənnilərin həvəslə ifa etdikləri musiqi nömrələri isə tədbirin ahənginə xüsusi bir rəng qatdı. Bütün bunlar səmimiyyətlə xalqına xidmət etmiş böyük şairə elə qarşılıqlı səmimi xalq sevgisinin bitib-tükənməyən çalarlarının parlaq göstəricisi idi. Ürəklərdə yaşayan şairin yaradıcılıq nümunələrini dinləmək istəyi bütün salondakıları bir ortamda birləşdirmişdi.

 

Musa Yaqubun hüzurunda

Xatirə gecəsi bitdikdən sonra bir bir qrup musayaqubsevər şairin məzarını və əzəmətli heykəlini ziyarət etmək üçün Buynuz kənd məzarlığına gəldilər. Şairin və onunla birlikdə bu qəbristanlıqda uyuyan doğmalarının ruhuna dualar oxuduqdan sonra acılı-şirinli xatirələr dilə gəldi. Heç kim getməyə tələsmir, Musa Yaqub barədə xoş sözləri eşitmək üçün hörmətlə bir-birini dinləyirdi. Şairin sağlığında şairin danışdığı hər sözü bir tutiya qismində dinlədiyimiz kimi…

Simran müəllimin, Baba Vəziroğlunun, Yaşar Əliyevin, bu sətirlərin müəllifinin, Maarif Soltanın, son günlərinə qədər şairin yanında olmuş Məhəmmədhaqqı Ağayevin, jurnalist Qorxmaz Şıxəliyevin və başqalarının musayaqublu günlər və onunla ilgili xatirələri bu dahi şəxsiyyətin hələ də gözlərimiz önündə diri qalmış portretinin canlanması hər kəsdə xoş təəssüratlar yaradırdı.

Şairi ziyarətə gələnlər onun heykəlinin yanında fotolar çəkdirib, 90 illiyində görüşmək ümidi ilə Azərbaycan poeziyasının nəhəng siması ilə vidalaşdılar.

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist  

 

AzPost.az

Seçilən
21
1
azpost.info

2Mənbələr