AZ

Sauran Kaliyev: Süni intellekt kəndlərin inkişafında mühüm rol oynaya bilər

Bakı, 18 may, AZƏRTAC

Dünyanın bir çox ölkəsində kəndlərin və kiçik yaşayış məntəqələrinin boşalması qlobal çağırışlardan birinə çevrilib və bu problemin həllində innovativ texnologiyaların, xüsusilə süni intellektin imkanlarından istifadə vacibdir.

Bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlər zamanı AZƏRTAC-a məxsusi açıqlamasında Qazaxıstanın Jambıl vilayəti Akimatının Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Direksiyasının direktoru Sauran Kaliyev deyib.

O bildirib ki, kəndlərin boşalmasına səbəb olan əsas amillər iqlim dəyişiklikləri, quraqlıq, ekoloji problemlər və iqtisadi çətinliklərdir.

Qazaxıstanlı ekspert qeyd edib ki, bəzi regionlarda ekoloji vəziyyət artıq ciddi problemlər yaradıb.

“Məsələn, Aral dənizinin quruması Qazaxıstan üçün böyük ekoloji fəlakətdir. Vaxtilə insanlar orada balıqçılıqla məşğul olurdu, indi isə iş yerlərinin azalması səbəbindən kəndləri tərk edirlər”, - deyə ekspert diqqətə çatdırıb.

O vurğulayıb ki, süni intellekt və innovativ texnologiyalar kəndlərin inkişafı üçün yeni imkanlar aça bilər.

“Hazırda dünyada süni yağış texnologiyaları, innovativ kənd təsərrüfatı həlləri və süni intellekt əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Bu texnologiyaların kəndlərdə tətbiqi yeni inkişaf imkanları yarada bilər”, – deyə Sauran Kaliyev bildirib.

Seçilən
11
1
azertag.az

2Mənbələr