Daniel Kreyqi əvəz edəcək yeni "007" agentinin kimliyi ilə bağlı illərdir davam edən fərziyyələrə son qoyulur.
Kulis.az xəbər verir ki, "Amazon MGM Studios" şirkəti yeni Ceyms Bond üçün kastinq prosesinin başladığını elan edib.
Şirkətin açıqlamasında deyilir:
"Növbəti Ceyms Bondun axtarışlarına başlanılıb. Kastinq prosesi zamanı konkret detalları şərh etməyi planlaşdırmasaq da, vaxtı gələndə "007" pərəstişkarları ilə daha çox xəbər bölüşməkdən məmnun olacağıq."
"Variety" nəşrinin məlumatına görə, artıq bir neçə həftədir ki, dinləmələr həyata keçirilir. "Paddinqton", "Ulduz müharibələri", "Yura dövrü parkı" və "Mamma Mia!" kimi layihələrdə çalışmış Hollivudun aparıcı kastinq direktorlarından biri olan Nina Qold yeni baş rol ifaçısının axtarışlarına rəhbərlik edir.
Daniel Kreyqin məşhur casus kimi sonuncu filmi olan "Ölmək vaxtı deyil" ekranlara çıxmasından 5 il, "Amazon MGM Studios" Bond franşizasını əldə etməsindən isə 15 ay ötür. Studiya 26-cı rəsmi Bond filminin rejissorunun "Dyun"un yaradıcısı Deni Vilnöv, ssenaristinin isə "Peaky Blinders"-ın yaradıcısı Stiven Nayt olacağını açıqlayıb.
Yeni ekran işinin ortaq prodüserləri isə "Hörümçək adam" filmləri ilə tanınan Emi Paskal və "Harri Potter" franşizasının yaradıcısı Devid Heyman olacaq.
Təbii ki, rol üçün sürpriz adlar da seçilə bilər, lakin hazırda bukmekerlərin və insayderlərin favoritləri arasında aşağıdakı aktyorların adları çəkilir:
Kallum Törner: 36 yaşlı aktyor hazırda əsas favoritlərdən biridir. O, "Fantastik varlıqlar" franşizasında və bu yaxınlarda yayımlanan "Masters of the Air" serialında rol alıb. Həmçinin, o, müğənni Dua Lipanın sevgilisidir.
Ceykob Elordi: 28 yaşlı avstraliyalı aktyor "Euphoria" serialı və "Saltburn" filmi ilə məşhurlaşıb. Bu il "Frankenşteyn"dəki roluna görə "Oskar"a namizəd olub. Mənbələr onun hazırda Bond olmaq üçün çox güclü mövqedə olduğunu iddia edirlər.
Harris Dikinson: 29 yaşlı aktyor "The King's Man" və "Where the Crawdads Sing" filmlərindəki rolları ilə tanınır. O, tezliklə yayımlanacaq "The Beatles" bioqrafik filmində Con Lennonu canlandıracaq.
Henri Kavill: "Supermen", "Cadugər" və "Mümkünsüz missiya"nın ulduzu pərəstişkarların sevimlisidir və Kreyq rolu alarkən ikinci yerdə olduğu bildirilirdi. Lakin 43 yaşlı aktyorun bu uzunmüddətli rol üçün artıq yaşlı olub-olmadığı sual altındadır.
Aron Teylor-Conson: "Kick-Ass" və "Kraven the Hunter" kimi filmlərlə tanınan 35 yaşlı aktyor uzun müddətdir iddialılar sırasındadır və rola hər cəhətdən uyğun hesab edilir.
Teo Ceyms: 41 yaşlı ulduz "Divergent" filmlərində məşhurlaşıb və son illərdə "The White Lotus" və "The Gentlemen" layihələri ilə nüfuzunu daha da artırıb.
Seçiləcək şanslı aktyor franşizanın 64 illik tarixi ərzində Ceyms Bond obrazını canlandıran 7-ci rəsmi şəxs olacaq. Ötən ay "CinemaCon" tədbirində çıxış edən "Amazon MGM Studios"un film departamentinin rəhbəri Kortni Valenti prosesə böyük həssaslıqla yanaşdıqlarını qeyd edib:
"Bilirəm, hamınız maraqlanırsınız ki, Ceyms Bondun kim olacağını nə vaxt elan edəcəyik. Lakin bilməlisiniz ki, biz bu işə xüsusi qayğı və dərin hörmətlə yanaşırıq. Tamaşaçılara bu növbəti fəsli təqdim etmək hamımız üçün həyatımızın arzusudur və bu, bizim yüngül yanaşmadığımız bir məsuliyyətdir. Gözlədiyiniz o film gəlir və vaxtı çatanda sizinlə bölüşəcəyimiz çox şey olacaq."
Filmin ssenaristi Stiven Nayt isə verdiyi son müsahibədə ssenari üzərində işlərin getdiyini bildirərək əlavə edib:
"1000 faiz əminəm ki, bu film ekranlara çıxanda insanlar onu həqiqətən çox sevəcəklər."