AZ

Leysana görə imtahana girə bilmədilər: Şans veriləcəkmi?

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Mayın 17-də ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti, yolların su altında qalması və yaranan uzun tıxaclar magistratura imtahanına gedən bəzi şəxslərin gecikməsinə səbəb olub.

Bakupost.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) gecikən iştirakçıların imtahana buraxıldığını açıqlasa da, bir çox imtahan iştirakçısı sosial şəbəkələrdə paylaşım edərək bunun əksini iddia edib. Məsələ ictimai müzakirələrə səbəb olub və fövqəladə hallarda tətbiq olunmalı güzəştlərlə bağlı suallar yaradıb.

Kəskin hava şəraiti və yolların bağlanması səbəbindən imtahana gecikən abituriyentlərə güzəşt tətbiq olunmalıdırmı?

Mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli Bakupost.az-a bildirdi ki,Dövlət İmtahan Mərkəzi imtahanların qrafikini tərtib edərkən yalnız təhsil prosesini deyil, həm də ölkədə keçirilən mühüm ictimai və beynəlxalq tədbirləri nəzərə almalıdır:

"Həmin gün təkcə magistratura üzrə ikinci cəhd imtahanları keçirilmirdi. Həm də ötən illərin məzunları üçün nəzərdə tutulan buraxılış imtahanları təşkil olunmuşdu. Bilirsiniz ki, bu günlərdə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) keçirilir. Bu cür böyük tədbirlər şəhərdə uzun-uzadı tıxacların yaranmasına səbəb olur. Bir yandan da iki gün davam edən güclü leysan yağdı. Nəticədə bəzi yollar bağlandı, nəqliyyatın hərəkəti iflic oldu. Yüzlərlə tələbə, şagird imtahana gecikdi. Dövlət İmtahan Mərkəzi imtahanların qrafikini tərtib edərkən yalnız təhsil prosesini deyil, həm də ölkədə keçirilən mühüm ictimai və beynəlxalq tədbirləri nəzərə almalıdır”.

Ekspert vurğulayıb ki, imtahan üçün ödəniş etmiş, lakin göstərilən səbəblərə görə iştirak edə bilməyən şəxslərə əlavə şans verilməlidir:

“Dövlət İmtahan Mərkəzi deyir ki, imtahana gecikən şəxslərə şərait yaradılıb. Ancaq sosial şəbəkələrdə paylaşılan yüzlərlə video bunun heç də belə olmadığını deyir. O videoları izləyərkən görürük ki, gecikənlər üçün əlavə vaxt verilmir. Üstəlik, hamısı suyun içindədir. Bu cür gərginlik, narahatlıq, stress təbii ki, nəticələrə də çox pis təsir göstərəcək”.

M.Məmmədli onu da vurğuladı ki, son illər gənclər arasında magistratura pilləsinə maraq xeyli azalıb. Elan olunan yerlər dolmur. Bu baş verənlər cari ildə də ümumi saya mənfi təsir göstərəcək.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, gün ərzində məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Gülsüm Baxşəliyeva, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
www.bakupost.az

1Mənbələr