AZ

Bu şəxslər magistratura imtahanına pulsuz buraxılacaq

17 mayda keçirilən magistratura imtahanı ilə bağlı yaranan narazılıqlardan sonra Dövlət İmtahan Mərkəzi yeni qərar verib.

7Times.az-a bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yaranmış fors-major vəziyyət nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində yenidən keçiriləcək.

Qeyd olunub ki, 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar həmin imtahanda iştirak edə bilərlər. Onlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə yenidən qeydiyyatdan keçməlidirlər.

DİM açıqlayıb ki, 17 may tarixli imtahan üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti və gecikmə səbəbindən imtahanda iştirak edə bilməmiş bakalavrlar üçün təkrar imtahan ödənişsiz olacaq.

Digər bakalavrlar isə istədikləri halda müəyyən olunmuş qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Qurum xatırladıb ki, magistraturaya qəbul qaydalarına əsasən bakalavrlara imtahanda iki dəfə iştirak etmək hüququ verilir və müsabiqə onların ən yüksək nəticəsi əsasında aparılır.

Seçilən
22
1
7times.az

2Mənbələr