Venesuela hakimiyyəti müvəqqəti prezident Delsi Rodrigezin dövlət başına keçməsindən sonra vəzifəsini itirən keçmiş sənaye naziri Aleks Saabın ABŞ-yə deportasiya olunduğunu elan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, A.Saab fevral ayında həbs olunub və indi Nikolas Maduro işində əsas fiqur olmaq üçün Amerika həbsxanasına köçürülüb. Ağ Ev hesab edir ki, keçmiş hökumətin bütün əməliyyatları onun vasitəsilə həyata keçirilib.
Kolumbiyanın "El Espectador" qəzeti 54 yaşlı Saabı 1999-cu ildən 2013-cü ilə qədər Venesuela prezidenti olmuş Uqo Çavesin baxışlarına əsaslanan solçu siyasi ideologiya olan "Çavizmin sirlərinin qoruyucusu" adlandırıb. Saab Kolumbiyada livanlı mühacirlərin ailəsində anadan olub. O, sərvətini 2000-ci illərin sonlarında Venesuelada əlverişli mənzil proqramı vasitəsilə qazanıb.
ABŞ hakimiyyətinin məlumatına görə, Maduronun dövründə, xüsusən də hakimiyyətinin son illərində Saab ABŞ sanksiyalarından yayınmaq üçün müxtəlif ölkələrlə, o cümlədən İranla əməkdaşlıq edib. Bunun üçün Venesuela prezidenti ona Venesuela vətəndaşlığı verib.
Venesuela immiqrasiya xidmətinin açıqlamasında deyilir: "Deportasiya qərarı bu Kolumbiya vətəndaşının ABŞ-də müxtəlif cinayətlərdə iştirak etməsi nəzərə alınmaqla qəbul edilib və bu, hamıya məlum faktdır".
"Sirr dağarcığı"nın Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ifadəsi onların bütün maliyyə sxemlərinin faş olmasına yol aça bilər. Vaşinqton həmçinin Saabın Maduronun narkotik qaçaqmalçılığında da iştirak etdiyini təsdiqləməsinə ümid edir.
Musavat.com