Ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarına uyğun olaraq bakalavrlara qəbul imtahanında iki dəfə iştirak etmək hüququ verilir və müsabiqə onların ən yüksək nəticəsi əsasında aparılır.
2026/2027-ci tədris ili üzrə magistraturalara qəbul üçün aşağıdakı imtahan tarixləri müəyyən edilmişdir:
I cəhd — 15.02.2026;
II cəhd — 17.05.2026.
I cəhd üzrə imtahanda iştirak etmək üçün 22 780, II cəhd üzrə isə 23 086 bakalavr qeydiyyatdan keçmişdir.
"Cebheinfo.az" xəbər verir ki, 17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl aşağıdakı göstərişlər verilib
Saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarala dolma dərəcəsinin 80–90% təşkil etdiyi müəyyən olunub. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul edilmib
Nəticədə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilmiş və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunub.
Xatırladaq ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak etmişdir. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.
Məsələ ilə bağlı DİM-dən bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq, Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
"Cebheinfo.az"