AZ

Ərsin Gözəl Azərbaycanda "Yurdda sülh, dünyada sülh" dedi - TARİXİ ÇIXIŞ 

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günüdür. Tədbir çərçivəsində xarici və yerli Qeyri-Hökumət Təşkilatlarının toplantısı baş tutub. Toplantıda iştirak edən Dünya Türk Gənclər Birliyinin başqanı Ərsin Gözəl tarixi çıxış edib.

Musavat.com həmin çıxışı təqdim edir:

"Hörmətli sədr, dəyərli nümayəndələr və əziz iştirakçılar,

Bu gün biz daha yaşanıla bilən, dayanıqlı və davamlı şəhərlər və ekosistemlər qurmaq kimi ortaq məqsəd ətrafında bir araya gəlmişik. Sizi 35 ölkədən 80 QHT-ni birləşdirən Dünya Türk Gəncləri Birliyi və Ətraf Mühit və Enerji Komissiyası adından hörmətlə salamlayıram.

Çıxışımı 2025-ci ilin sentyabr ayında 35 ölkədən olan türk gənclərinin hazırladığı Ekologiya və Ətraf Mühit Komissiyası hesabatının əsas başlıqlarına uyğun şəkildə tərtib etmişəm. Aral gölü hövzəsində baş verən fəlakət Avrasiya coğrafiyasının ən böyük ekoloji böhranlarından biridir. Bu böhran artıq yalnız Qazaxıstan və Özbəkistanın səyləri ilə həll edilə bilməyəcək səviyyəyə çatıb. Bu səbəbdən Türk Dövlətləri Təşkilatı çərçivəsində institusional koordinasiya şurasının yaradılmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq.

Eyni şəkildə, İstanbul, Bakı, Almatı və Daşkənd kimi sürətlə böyüyən iri şəhərlərdə sənaye müəssisələrinin yaratdığı hava və su çirkliliyi ciddi ictimai sağlamlıq probleminə çevrilib. Həyat keyfiyyətinin artırılması üçün ekoloji standartlara riayət olunmasını mütəmadi şəkildə yoxlayacaq müstəqil regional komissiyaların yaradılması və sanksiya mexanizmlərinin tətbiqi artıq zərurətə çevrilib.

Hörmətli nümayəndələr,

Qlobal iqlim böhranı ilə birlikdə regionlarımızda quraqlıq və səhralaşma sürətlə artır. Bu problemlə mübarizə məqsədilə Türk Dövlətləri Təşkilatı nəzdində fəaliyyət göstərən Quraqlığın Qarşısının Alınması İnstitutunun effektivliyinin artırılmasını və ortaq ekoloji məlumat paylaşım şəbəkələrinin yaradılmasını təklif edirik.

Bundan əlavə, keçmiş dövrlərdən qalan və Semey (Qazaxıstan) kimi bölgələrdə cəmlənmiş köhnə nüvə sınaq sahələri və sənaye tullantıları insanların sağlamlığı üçün təhlükə yaratmağa davam edir. Bu ərazilərin beynəlxalq standartlara uyğun şəkildə reabilitasiyası və təmizlənməsi üçün beynəlxalq qurumların yaradılmasına ehtiyac var".

Qonaq çıxışına bu cür davam edib:

"Hörmətli nümayəndələr,

Enerji keçidi və enerji təhlükəsizliyi bu coğrafiya üçün həyati əhəmiyyət daşıyır. Mövcud fosil yanacaq siyasətləri davamlı inkişaf prinsipləri ilə ziddiyyət təşkil edir. Halbuki region böyük bərpa olunan enerji potensialına malikdir. Enerji müstəqilliyimizi və təchizat təhlükəsizliyimizi təmin etmək məqsədilə: Bərpa olunan enerji investisiyalarına xüsusi maliyyə və aşağı faizli kreditlər təqdim edəcək regional enerji fondunun yaradılmasını,

Regional imkanlara uyğun olaraq nüvə enerjisi və təmiz enerji fəaliyyətlərinin birlikdə həyata keçiriləcəyi balanslaşdırılmış enerji qarışığının (energy mix) formalaşdırılmasını,

Təchizat zəncirlərini gücləndirmək və tələb-təklif risklərini minimuma endirmək məqsədilə strateji və kritik minerallar üzrə ortaq ehtiyat və logistika strategiyasının hazırlanmasını hədəfləyirik.

Bütün bu proseslərdə kənd təsərrüfatında davamlılığı təmin etmiş Qazaxıstan və 2028-ci ilə qədər tamamilə üzvi kənd təsərrüfatına keçməyi hədəfləyən Qırğızıstan kimi ölkələrin təcrübələrinin "kənd təsərrüfatı əməkdaşlığı" çərçivəsində regionun digər ölkələrinə ötürülməsini təklif edirik.

Nəticə etibarilə, ətraf mühit, enerji və şəhərsalma siyasətləri yalnız iqtisadi inkişafın alətləri deyil; eyni zamanda ictimai sağlamlığın, ərzaq təhlükəsizliyinin və gələcək nəsillərin həyat keyfiyyətinin təminatıdır. Problemlər ortaya çıxdıqdan sonra böhran idarəçiliyi aparmaq əvəzinə riskləri əvvəlcədən müəyyən edən və qarşısını alan proaktiv siyasətlərə üstünlük verməliyik.

Gələcək nəsillərin bu vizyonu mənimsəməsi üçün erkən uşaqlıq dövründən başlayaraq - hətta bağça səviyyəsindən etibarən - ekoloji şüurun, təkrar emal və sıfır tullantı layihələrinin ortaq təhsil proqramları vasitəsilə yayılmasını hədəfləyirik.

Biz regionumuzun sahib olduğu bu zənginliyi qlobal davamlı inkişaf məqsədləri (SDG — Sustainable Development Goals) ilə uyğunlaşdırmaqda qətiyyətliyik. Ekoloji texnologiyalara, enerji səmərəliliyinə və regional həmrəyliyə qoyulan hər bir investisiya yalnız bizim bölgəmizin deyil, gələcəyin bütün dünyasının təminatı olacaq.

Sabah bizim milli bayramımızdır və bu günü Atatürk dünya gənclərinə hədiyyə edib. Bu səbəbdən çıxışımı Atatürkün sözləri ilə bitirmək istəyirəm:

"Yurdda sülh, dünyada sülh".

Diqqətiniz və iştirakınız üçün təşəkkür edirəm".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr