Yaz mövsümündə günəş radiasiyasının intensivliyi tədricən artır və qış dövründən sonra həssaslaşan dəri üçün əlavə risk yaradır.
Ultrabənövşəyi (UV) şüalar dərinin səthinə və qatlarına təsir edərək müəyyən zədələnmələrə səbəb olur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 1 nömrəli Dəri-Zöhrəvi Dispanserin baş həkimi Yusif Cabbarlının sözlərinə görə, günəş şüalarının təsiri dəri tipindən asılı olaraq dəyişir: “Dəri tipinə görə günəşin təsiri fərqli olur.
Açıq rəngli dəri ilə tünd rəngli dəriyə günəş şüaları fərqli təsir edir. Eyni zamanda, quru və yağlı dərilərdə də fərqli yanaşmalarla qorunmaq lazımdı. Açıq rəngli dərilər və uşaq dərisi daha həssas olduğundan daha çox yana bilər”.
Günəş şüaları dəridə müəyyən xəsarətlər də yarada bilər: “Günəş şüalarından qorunmadıqda dəridə yanıqlar, ləkələr yarana bilər, xüsusilə xalları olanlar daha diqqətli olmalıdır. Dəri tamlığı pozulduğu hallarda isə ikincili infeksiyalar, sızanaqlar yarana, dermatitlər, ekzemalar ola bilər.
Belə hallarda mütləq şəkildə dermatoloqlara müraciət etmək vacibdir”. Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Quba Rüstəmova isə bildirir ki, yaz aylarındakı günəş şüaları yay günəşi ilə müqayisədə daha çox diqqət tələb edir. “Yaz günəşi yay günəşi qədər intensiv olmasa da, müəyyən mənada daha riskli hesab edilə bilər.
Bunun əsas səbəbi insanların bu dövrdə daha az diqqətli olmasıdır. Hava sərin olduğu üçün günəş şüalarının zərəri hiss olunmur və nəticədə, qorunma tədbirlərinə laqeyd yanaşılır. Bu isə dəridə yığılan və sonradan üzə çıxan zədələnmələrə səbəb olur.
Bunlara dəri yanığı, hiperpiqmentasiya (ləkələrin yaranması), dərinin quruması, erkən dəri qocalması və dəri xərçənginə də gətirib çıxara bilər”. Mütəxəssis bu kimi halların qarşısını almaq üçün qorunma tədbirlərinə də diqqət çəkir:
“Bu dövrdə günəş şüaları vitamin D sintezini artırsa da, qoruyucu vasitələrdən istifadə edilmədikdə dəridə zədələnmələr yarana bilir. Qoruyucu kremlərdən istifadə edilməsi tövsiyə olunur. Günəş kremi günəşə çıxmazdan 15-20 dəqiqə əvvəl çəkilməli və hər 2-2,5 yarım saatdan bir yenilənməlidir.
Açıq dərili və ləkəyə meylli dərilərə SPF50 (günəşdən qorunmaq üçün), 4-6-cı qrup dəri tipinə malik olanlara isə SPF30 uyğun hesab edilir”. Həkimlər günorta saatlarında (12:00-16:00) açıq havada gəzintinin minimuma endirilməsini, geniş kənarlı papaqlardan, çətirlərdən, günəş eynəklərindən, açıq rəngli, nazik və təbii materiallı geyimlərdən istifadə olunmasını tövsiyə edirlər.