AZ

Qubada məktəb ərazisində sirli kəşf – qədim quyu tapıldı – Video+Fotolar

Quba rayonunun Alpan kəndində yerləşən məktəbin həyətində qədim quyu aşkarlanıb.

Musavat.com xəbər verir ki, tapıntı məktəbin ərazisində aparılan baxış zamanı üzə çıxıb. Kənd sakinlərinin sözlərinə görə, quyunun nə vaxt və kim tərəfindən qazıldığı məlum deyil.
Hadisədən sonra məktəb rəhbərliyi tərəfindən əraziyə mütəxəssislər dəvət olunub. İlkin araşdırmalardan sonra quyunun hansı məqsədlə istifadə edildiyi və hansı dövrə aid olduğu müəyyənləşdiriləcək.

Alpan bələdiyyəsinin sədri Əfil Dadaşov Musavat.com-a açıqlamasında bildirib ki, quyu kəndin qədim ərazilərindən birində yerləşir:

“Alpan kəndi rayonun ən qədim yaşayış məntəqələrindən biridir. Quyunun yerləşdiyi ərazi vaxtilə Alpan bəylərinə məxsus olub. Xüsusilə Bəybala bəyin yaşadığı yurd yerlərindən biri kimi tanınır. Ümumiyyətlə, Alpan tarixən bəylər kəndi kimi məşhur olub”.

Bələdiyyə sədrinin sözlərinə görə, əraziyə baxış keçirilsə də, hələlik tam arxeoloji tədqiqat aparılmayıb. Quyudan və ətrafdan bəzi nümunələr götürülərək aidiyyəti qurumlara göndəriləcək. Araşdırmalardan sonra Arxeologiya və Antropologiya İnstitutunun rəsmi rəyi açıqlanacaq.

Məlumata görə, quyu təxminən iki metr yarım dərinlikdədir. Yaxınlıqda daha bir oxşar quruluşun olduğu da bildirilir. Quyunun içərisində çay daşlarına bənzər materialların olduğu ehtimal edilir.

Hazırda tapıntı ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Bəzi versiyalara görə, ərazi qədim müdafiə tikilisi və ya qala sisteminin bir hissəsi ola bilər. Digər ehtimallarda isə onun yeraltı sığınacaq və ya təsərrüfat məqsədli istifadə edildiyi bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, dəqiq nəticə yalnız arxeoloji araşdırmalar tamamlandıqdan sonra məlum olacaq.

Şahanə Rəhimli
Musavat.com

quyu

quyu

Şahanə Rəhimli
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr