AZ

COP29-dan sonra WUF13: Azərbaycanın diplomatik uğuru davam edir- ÖZƏL

"COP29 kimi nəhəng beynəlxalq iqlim sammitindən sonra mötəbər Ümumdünya Şəhərsalma Forumuna (WUF13)  ev sahibliyi etmək Azərbaycanın artıq qlobal qərarların və beynəlxalq müzakirələrin aparıldığı əsas mərkəzlərdən birinə çevrildiyini nümayiş etdirir.
Bu cür beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili hər bir dövlətin nüfuzuna ciddi təsir göstərir".
Bu fikirləri siyasi şərhçi  Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:


"Azərbaycan son illərdə beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda fəal iştirak etməklə yanaşı, böyük tədbirlərin uğurla keçirildiyi etibarlı məkan kimi də tanınır.
WUF13 də ölkəmizin beynəlxalq arenada intellektual, innovativ və dayanıqlı inkişaf mərkəzi statusunu daha da möhkəmləndirir.
Bu forum təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün də mühüm əhəmiyyət daşıyır. Çünki Xəzəryanı və Mərkəzi Asiya ölkələri sürətlə urbanizasiya olunan regionlar sırasındadır və burada şəhərlərin idarə olunması, dayanıqlı infrastrukturun qurulması, "ağıllı şəhər" modellərinin tətbiqi kimi məsələlər prioritet istiqamətlərə çevrilib. Forum çərçivəsində iştirak edən beynəlxalq təşkilatlar, maliyyə institutları və investorlar regionun gələcək inkişaf imkanları ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Eyni zamanda, tədbirə qatılan qurumlar Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri regional layihələrə, xüsusilə Orta Dəhliz, nəqliyyat-logistika infrastrukturu, enerji və kommunikasiya layihələrinə maraq göstərə bilərlər. Xarici nümayəndələr işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini yaxından izləmək, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqini öz gözləri ilə görmək imkanı qazanırlar. Bu isə Azərbaycanın investisiya və əməkdaşlıq imkanlarının genişlənməsinə əlavə stimul yaradır.
Bu baxımdan da WUF13 Azərbaycanın ev sahibliyi etdiyi böyük qlobal forumlar və beynəlxalq tədbirlər silsiləsinin mühüm davamıdır. Belə tədbirlər ölkənin beynəlxalq nüfuzunu daha da artırmaqla yanaşı, turizm potensialının genişlənməsinə, iqtisadi aktivliyin yüksəlməsinə, xidmət sektorunun inkişafına və kiçik sahibkarlığın gəlirlərinin artmasına da mühüm təsir göstərir. Xarici qonaqların və rəsmi nümayəndələrin ölkəmizə intensiv səfərləri Azərbaycanın nəqliyyat, tranzit və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.
Bütün bunların fonunda Azərbaycan təkcə regionun deyil, Avrasiya məkanının mühüm siyasi, iqtisadi və humanitar platformalarından birinə çevrilir. WUF13 isə bu reallığın beynəlxalq səviyyədə növbəti təsdiqi kimi çıxış edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr