AZ

Albaniya Baş nazirinin müavini: Bakı qlobal dialoq və dayanıqlılıq mərkəzinə çevrilib

Bakı qlobal dialoq və dayanıqlılıq mərkəzinə çevrilib.

APA xəbər verir ki, bunu Albaniya Baş nazirinin müavini Albana Koçiu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında çıxışında deyib.

O bildirib ki, Bakı Prezident Ilham Aliyevin rəhbərliyi ilə qlobal bağlantı, dialoq və gələcəyə yönəlmiş təşəbbüslərin mühüm mərkəzlərindən birinə çevrilib: "Bakı təkcə enerji bağlantıları deyil, həm də beynəlxalq əməkdaşlıq və ideyalar platformasına çevrilib”.

Albaniya nümayəndəsi qeyd edib ki, Bakı Prosesi, Mədəniyyətlərarası Dialoq Forumu, COP29, iqlim fəaliyyəti və dayanıqlılıq təşəbbüsləri şəhəri dünyanın ən aktual məsələlərinin müzakirə mərkəzinə çevirib.

Onun sözlərinə görə, WUF13-ün “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu qlobal çağırışlar fonunda xüsusi aktuallıq daşıyır: “Qlobal mənzil böhranı artıq təxminən 3 milyard insana təsir edir”.

Çıxışda bildirilib ki, bu statistikanın arxasında təhlükəsizliksiz yaşayan ailələr, xidmətlərdən məhrum uşaqlar və təbii fəlakətlər qarşısında müdafiəsiz qalan icmalar dayanır.

Albaniya nümayəndəsi ölkəsinin urbanizasiya və şəhərsalma sahəsində keçdiyi transformasiya prosesindən də danışıb. Qeyd olunub ki, kommunizmdən sonra Albaniya şəhərləri baxımsızlıq və plansızlıq problemləri ilə üzləşsə də, xüsusilə paytaxt Tiranaın yenidən qurulması mühüm dönüş nöqtəsi olub: “Şəhərlər və ictimai məkanlar insanların özünəinamını və aidiyyət hissini formalaşdırır”.

Nümayəndə vurğulayıb ki, Albaniyada həyata keçirilən “urban renaissance” proqramı şəhərlərin daha yaşıl, rahat və iqtisadi imkanlara açıq olmasına şərait yaradıb.

O bildirib ki, 2015-ci ildə Albaniyaya 4,1 milyon turist gəldiyi halda, 2025-ci ildə bu rəqəm 12,4 milyonu keçib.

Çıxışda 2019-cu il zəlzələsinin ölkə üçün mühüm dərs olduğu da qeyd edilib: “Mənzil sadəcə, dam deyil, təhlükəsizlik və ləyaqətdir”.

Albana Koçiu bildirib ki, ölkə hazırda dayanıqlı tikinti, yaşıl şəhərlər və “ağıllı şəhər” texnologiyalarına əsaslanan yeni inkişaf mərhələsinə keçid edir: “Ağıllı şəhərlər gələcəyin deyil, artıq bu günün zərurətinə çevrilir”.

Seçilən
25
2
apa.az

3Mənbələr