AZ

Azərbaycanda muzeylərə maraq yüksək səviyyədədir?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq qapı" günü keçirilir, ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunur.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.

“Cebheinfo.az”-ın əməkdaşı Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzeylərə olan marağı və ziyarətçi sayını öyrənmək üçün bir neçə muzeylə əlaqə saxlayıb.

Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva açıqlamasında bildirib ki, Azərbaycan Milli Xalça Muzeyində hər il olduğu kimi, mayın 18-də qeyd olunan Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” günü keçirilir:

"Hər zaman olduğu kimi, muzeyə böyük maraq var. Burada həm şagird və tələbələri, həm də müxtəlif yaş qruplarına aid insanları görmək mümkündür.

Bu il ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana çoxlu sayda turist gəlib. Bununla əlaqədar muzeyi ziyarət edən turistlərin sayı da həddən artıq çoxdur.

Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bölünmüş dünyanı birləşdirir” adlanır. Hazırda Azərbaycan Milli Xalça Muzeyi tam bu devizi ifadə edir. Dünyanın müxtəlif ölkələrindən olan insanlar Azərbaycanın milli sərvəti hesab edilən xalçaların ətrafında birləşərək onları böyük zövqlə izləyirlər.

Muzeydə demək olar ki, Azərbaycanın bütün regionlarına aid xalçalar nümayiş olunur. Burada həm ənənəvi, həm də müasir müəllif xalçalarını görmək mümkündür. Muzey iştirakçılarının bu əsərlərin hər birinə maraq göstərdiyini demək olar".

O qeyd edib ki, daha maraqlı təqdimatlardan biri isə WUF13 çərçivəsində açılan “Xalçalarda memarlıq” sərgisidir:

"Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılıb.

Sərgidə muzey kolleksiyasına aid XIX–XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş olunur. Ekspozisiya Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsini və tarixi abidələrin ornamental yaddaşda yaşadılmasını əks etdirir.

Ekspozisiyada Xalq rəssamları Lətif Kərimov, Eldar Mikayılzadə, Əməkdar rəssam Taryer Bəşirov, gənc xalçaçı-rəssam Afaq Abdullayeva və başqalarının əsərləri yer alır.Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası və rəssam Cəmilə Həşimovanın “Yol” konseptual layihəsi isə ictimaiyyətə ilk dəfə təqdim olunur.

“Xalçalarda memarlıq” sərgisi Azərbaycan xalça sənətində memarlıq irsinin estetik və fəlsəfi təcəssümünü nümayiş etdirir, ənənə ilə müasir baxış arasında yaradıcı əlaqə yaradır. Muzeydə hər il keçirilən açıq qapı günündə minlərlə insan muzeyi ziyarət edir. 

Bu gün də eyni axını görmək mümkündür. Müxtəlif yaş qruplarından olan insanlar, həmçinin turistlər olmaqla saysız-hesabsız ziyarətçi muzeyə böyük maraq göstərir".AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov isə qeyd edib ki, hazırda muzeylərdə xüsusi canlanma müşahidə olunur:

"Məhz bu gün Beynəlxalq Muzeylər Günüdür. Bu gün muzeyə gələn ziyarətçilərin sayı 400-dən çoxdur. Sadəcə, ali və orta məktəblərdə dərslər onlayn olduğu üçün ziyarətçilərin sayında müəyyən azalma müşahidə olunur. Buna baxmayaraq, maraq çox böyükdür.

Əsasən yerli vətəndaşlar muzeyə gəlirlər. Günün ikinci yarısında isə həm Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçısı olan xarici qonaqların, həm də ümumilikdə Bakıda olan turistlərin muzeyi ziyarət etməsi gözlənilir.

Ümumilikdə ilin əvvəlindən götürdükdə muzey ziyarətçilərinin sayı 5000-ə yaxınlaşır. Ümumilikdə maraq həm yerli əhali, həm də turistlər tərəfindən çox güclüdür. Biz də çalışırıq ki, onların bu marağını təmin edək".

Üzeyir Hacıbəyovun Ev Muzeyinin elmi katibi Nərgiz Qədirova da vurğulayıb ki, Azərbaycanda muzeyə maraq çox yüksəkdir:

"Üzeyir Hacıbəylinin Ev Muzeyi digər dahi şəxsiyyətlərimizin ev muzeyləri arasında ən çox maraq göstərilən muzeylərdən biridir. Çox şükür ki, muzeyimiz daim ziyarətçilərin diqqət mərkəzində olub. Son dövrlərdə isə ölkəmizə gələn turistlərin də maraq dairəsinə çevrilib.

Muzeyimizi xüsusilə musiqiçilər və musiqi sənətinə maraq göstərən insanlar ziyarət edirlər. Buraya gələn ziyarətçilər həm Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış olur, həm də Azərbaycan musiqi tarixini daha dərindən öyrənmək imkanı qazanırlar".

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

muzeylər Ülvinə Fərzəliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr