AZ

Dövlət Komitəsinin sədri: Arkadağ şəhərində “yaşıl” və “ağıllı” konsepsiyalar tətbiq olunur

Türkmənistanın Arkadağ şəhərinin yaradılması ideyası Türkmən xalqının Milli Lideri tərəfindən irəli sürülüb...

Poliqon xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin tikintisi üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov bildirib.

“Yeni müasir şəhərin yaradılması təşəbbüsü Türkmən xalqının Milli Liderinə məxsusdur”, – Deryageldi Orazov qeyd edib.

Onun sözlərinə görə, şəhərin baş planı ərazinin təbii xüsusiyyətləri, iqlim şəraiti, külək istiqamətləri, seysmik vəziyyət və mühəndis infrastrukturu nəzərə alınmaqla hazırlanıb.

O bildirib ki, Arkadağ şəhərində təhlükəsiz, “yaşıl” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur. Şəhərdə videomüşahidə sistemləri, vahid “123” təcili xidmət sistemi, eləcə də görmə və eşitmə məhdudiyyətli şəxslər üçün inklüziv həllər yaradılıb.

 

Deryageldi Orazov onu da qeyd edib ki, Türkmənistanın Arkadağ şəhərində fəaliyyət göstərən xeyriyyə fondu humanitar missiyalarda iştirak edir və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir.

O bildirib ki, Arkadağ şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə əlilliyi olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün bütün şərait yaradılıb.

Komitə sədrinin sözlərinə görə, şəhərdə alternativ enerji mənbələrindən istifadə, suyun təkrar emalı, elektrik nəqliyyatı və yaşıllaşdırma tədbirləri geniş tətbiq olunur.

O əlavə edib ki, Arkadağ şəhərində tibbi məhsullar istehsal edəcək müəssisələri özündə birləşdirən tibbi klasterin yaradılması istiqamətində işlər aparılır.

Poliqon.info

Seçilən
3
1
poliqon.info

2Mənbələr