ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, Argentinadan “Kabo-Verde” istiqamətinə hərəkət edən “MV Hondius” kruiz gəmisində başlayan hantavirus yoluxmaları artıq bir müddətdir ki, ciddi beynəlxalq narahatlığa səbəb olub.
Qeyd edək ki, gəmidə ilk yoluxma halı aprelin 6-da qeydə alınıb. Bundan sonra sərnişinlər arasında yaxın təmasların çox olması virusun yayılma riskini artırıb. Yoluxma nəticəsində Niderlanddan olan ər-arvad və Almaniya vətəndaşı həyatını itirib. İspaniya Səhiyyə Nazirliyi isə karantində saxlanılan 14 ispaniyalıdan birində virusun təsdiqləndiyini açıqlayıb. Həmin şəxsdə yüngül tənəffüs simptomları və aşağı hərarət müşahidə olunsa da, vəziyyətinin stabil olduğu bildirilir. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı hantavirusun And variantı ilə bağlı doqquz yoluxma halını təsdiqləyib. Yoluxanlar arasında ABŞ, Fransa və İspaniya vətəndaşlarının da olduğu bildirilir.
Gəmidə qeydə alınan yoluxmalar və bir neçə ölüm halından sonra Ümumdünya Səhiyyə Təşkilatı ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus sözügedən viusla bağlı Madriddə keçirilən mətbuat konfransı zamanı deyib ki, hazırda COVID-19 miqyaslı yeni pandemiyanın başladığını göstərən əlamətlər yoxdur. Bununla belə, o qeyd edib ki, vəziyyətin dəyişə biləcəyi istisna edilmir.

T. Qebreyesusun sözlərinə görə, hantavirusun inkubasiya müddəti altı-səkkiz həftəyə qədər davam edə bilər. Bu isə o deməkdir ki, virusa yoluxmuş bəzi şəxslərdə simptomlar daha gec ortaya çıxa bilər və qarşıdakı həftələrdə yeni hallar aşkarlana bilər. ÜST xüsusilə yüksək risk qrupunda olan şəxslərin ciddi nəzarətdə saxlanılmasını tövsiyə edib. Təşkilat mümkün təmasda olmuş şəxslər üçün 42 günlük karantin və daimi tibbi müşahidənin vacibliyini vurğulayıb.
Həm ÜST, həm də “Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi” bildirir ki, hazırda ümumi əhali üçün yoluxma riski “çox aşağı” qiymətləndirilir. Qurum həmçinin bildirib ki, virusun genetik analizləri yoluxan sərnişinlərdə aşkarlanan nümunələrin eyni infeksiya mənbəyi ilə əlaqəli olduğunu göstərir. Hazırda bunun yeni mutasiya və ya yeni variant olmadığı vurğulanır. Açıqlamada qeyd olunub ki, And variantının digər hantavirus növlərindən daha sürətlə yayıldığını və ya daha ağır xəstəlik törətdiyini göstərən hər hansı sübut yoxdur.
Virusdan qorunmaq üçün nə etməliyik?
Dünyanın müxtəlif ölkələrində hantavirusla bağlı narahatlıqlar davam etdiyi bir vaxtda, Tibb Universitetinin professoru, həkim-infeksionist, hepatoloq-qastroenteroloq Sədrəddin Atakişizadə virusun yayılma yolları, simptomları və qorunma üsulları barədə “AzPolitika”-nın sualların cavablandırıb.

S. Atakişizadə də bildirib ki, hazırda hantavirus infeksiyası bəzi ölkələrdə yayılmaqda davam edir və insanları ən çox narahat edən məsələlər virusun hansı yollarla yayılması, insandan insana keçmə ehtimalı, qorunma üsulları və ölüm riskidir.
Onun sözlərinə görə, hantavirus infeksiyasında əsas infeksiya mənbəyi gəmiricilər — siçanlar və siçovullardır:“Virus insanlara əsasən siçan və siçovulların sidiyi, nəcisi və tüpürcəyi vasitəsilə keçə bilir. Bəzi növ gəmiricilərlə daha çox təmasda olan və ya onları saxlayan insanlarda yoluxma ehtimalı daha yüksək olur. Xəstəlik əsasən yüksək hərarətlə başlayır. Daha sonra ümumi əzələ ağrıları, boğaz ağrısı və bəzi hallarda mədə-bağırsaq pozğunluqları müşahidə edilir”.
İnfeksionistin sözlərinə görə, hantavirusun ən təhlükəli tərəflərindən biri tənəffüs yollarını zədələməsidir: “Xəstəlik yuxarı və aşağı tənəffüs yollarında ağırlaşmalara səbəb olaraq pnevmoniya və tənəffüs çatışmazlığı yarada bilər. Bundan əlavə, bəzi hallarda böyrəklərin zədələnməsi də müşahidə olunur”.
Professor insanların siçan və siçovulların olduğu ərazilərdən uzaq durmasının vacibliyini də vurğulayıb. O bildirib ki, gəmiricilərin sidiyi və nəcisi ilə çirklənmiş torpaq və ya səthlərdə virus havaya qalxa bilər və nəfəs yolu ilə insan orqanizminə daxil ola bilər.
Bu səbəbdən həmin məkanlarda maskadan istifadə olunması tövsiyə edilir. Həkimin sözlərinə görə, belə sahələr təmizlənərkən əvvəlcə dezinfeksiyaedici məhlullardan istifadə olunmalı, müəyyən müddət gözlənilməli və yalnız bundan sonra təmizləmə işləri aparılmalıdır.
Sədrəddin Atakişizadə əlavə edib ki, hazırda hantavirusa qarşı vaksin mövcud deyil. Bununla belə, o hesab edir ki, virusun insanlar arasında geniş yayılma ehtimalı çox aşağıdır. Professorun fikrincə, hantavirusun koronavirus və ya mövsümi qrip kimi genişmiqyaslı yayılması gözlənilmir.
Hantavirus nə qədər ölümcüldür?
ÜST-nin məlumatına görə, hantavirus infeksiyaları dünya üzrə nadir hallarda müşahidə olunur. Professrounda qeyd etdiyi kimi, xəstəlik üçün spesifik antiviral müalicə və ya tam təsdiqlənmiş dərman mövcud deyil.

Müalicə əsasən simptomların idarə olunmasına yönəlir. Virusun ölüm göstəricisi regiondan-regiona dəyişir. Asiya və Avropada ölüm faizi adətən 1–15 faiz arasında dəyişir. Amerika qitəsində isə bəzi hallarda bu göstərici 50 faizə qədər yüksələ bilir. Mütəxəssislərin sözlərinə görə, hantavirusun And ştammı nadir hallarda insandan insana keçmə xüsusiyyəti ilə seçilir və bu da virusu daha təhlükəli edir.
Hantavirus dünyada nə qədər yayılıb?
“Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi”bildirir ki, Avropada hantavirus infeksiyaları nadir sayılır. Qurumun məlumatına görə, 2022-ci ildə qeydə alınan 2185 yoluxma halı 2023-cü ildə 1885-ə enib. ÜST isə dünya üzrə hər il təxminən 10 minlə 100 mindən çox hantavirus yoluxması qeydə alındığını təxmin edir. Ən çox yoluxma halları Asiya və Avropada müşahidə olunur. Hantavirusla bağlı ən diqqət çəkən hadisələrdən biri 2018–2019-cu illərdə Argentinada baş verib. 2018-ci il oktyabrın 28-dən 2019-cu il yanvarın 20-dək Çubut əyalətinin Epuyen şəhərində 34 təsdiqlənmiş yoluxma halı aşkarlanıb. Onlardan 11-i ölümlə nəticələnib.

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkədə bu virusa yoluxma halı qeydə alınmayıb. Nazirliyin məlumatına əsasən, ölkə ərazisində yaşayan gəmiricilər arasında hantavirusa rast gəlinmir və mövcud epidemioloji vəziyyət əhali üçün əlavə risk yaratmır. Bununla yanaşı, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması üçün texniki imkanların mövcud olduğu vurğulanıb. Riskli ölkələrdən gələn və uyğun klinik əlamətlər göstərən şəxslər zərurət yarandığı halda müayinədən keçə bilərlər.
Onu da qeyd edək ki, hazırda beynəlxalq səhiyyə qurumları vəziyyətin nəzarət altında olduğunu bildirsələr də, virusun uzun inkubasiya müddəti səbəbindən qarşıdakı həftələrdə yeni yoluxmaların ortaya çıxması ehtimalını istisna etmirlər.
E. Bəyməmmədli
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.