Avropanın musiqi yarışmasında bu dəfə Bolqarıstan Daranın rəqs hiti olan "Bangaranga" kompozisiyası ilə qalib gəldi. Bazar günü Vyanada başa çatan finalda müğənni digər 24 iştirakçını məğlub edərək gözəl ritmi və xoreoqrafiyası ilə yadda qaldı. Onun ifa etdiyi mahnı həm televiziya izləyiciləri, həm də milli münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi.
Bu, Bolqarıstanın Avroviziyadakı ilk qələbəsidir. Vətənində Dara (Darina Yotova) məşhur müğənni və "Bolqarıstanın səsi"ndə münsif kimi tanınsa da, o, Avstriyada qalib gəlmək üçün favorit hesab edilmirdi. Əvəzində israilli Noam Bettanın sona qədər qalib gəlmək şansı böyük idi. Amma Bettan qalibdən 173 xal geridə qalaraq ikinci oldu. Rumıniya təmsilçisi Aleksandra Kepitenesku isə ekspertlər tərəfindən birmənalı qarşılanmayan təxribatçı rok mahnısı "Choke Me" ilə üçüncü yeri tutdu.
Eurovision tarixçisi Din Vuletic budəfəki müsabiqənin də sürprizlərlə zəngin olduğunu bildirib. Deyib ki, ümumiyyətlə, Eurovision heç vaxt böyük ulduzlar üçün yarışma olmayıb, o, əsasən zəiflər üçün yarışmadır: “İnsanlar səhnədə indiyədək qiymətləndirilməmiş sənətçini görməyi sevirlər. Onlar gənc və ya daha kiçik, kasıb bir ölkədən olan bir sənətçinin səhnədə çıxış etməsini sevirlər."
Festival günlərində müsabiqə məkanının ətrafında və Avstriya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Şoudan əvvəl İsrailin iştirakına və Qəzzadakı müharibəyə qarşı nümayişlər keçirilmişdir. 5 ölkə (İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya) isə müsabiqəni boykot etmişdir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”