AZ

WUF13: “Urban Expo” sərgisində Azərbaycan Texniki Universitetinin pavilyonu qurulub

Bakı, 18 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Azərbaycan Texniki Universiteti (AzTU) öz stendi ilə təmsil olunur.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, “Urban Expo”da universitetin doktorantı və müəllimi Pərvin Hacıyeva “Dövlətin mənzil siyasətində şəhərsalma və urbanizasiyanın rolu” (The role of urban planning and urbanization in the state's housing policy) adlı elmi-tədqiqat işini təqdim edib.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun müəllimləri Röyal Allahverdiyev və Məmməd Məmmədov isə müasir şəhərlər üçün həyati əhəmiyyət kəsb edən “Şəhərdaxili hərəkət (mobillik) planı” layihəsi barədə ətraflı məlumat verərək, universitetin bu sahədəki innovativ yanaşmalarını diqqətə çatdırıblar.

Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslərin irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirir.

Seçilən
13
1
azertag.az

2Mənbələr