Enerji qiymətlərinin artması və tədarük zəncirindəki böhran şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyur...
İranla davam edən müharibə artıq dünya üzrə şirkətlərə ən azı 25 milyard dollar zərər vurub və bu məbləğ artmaqda davam edir.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ, Avropa və Asiyada fəaliyyət göstərən şirkətlərin maliyyə hesabatlarına əsaslanan təhlilində məlumat yayıb.
Agentliyin araşdırmasına görə, müharibənin iqtisadi təsirləri qlobal biznes üçün yeni ciddi böhran mərhələsi yaradıb. Şirkətlər xüsusilə enerji daşıyıcılarının qiymətinin kəskin yüksəlməsi, tədarük zəncirlərinin pozulması və İranın Hörmüz boğazını bloklaması nəticəsində beynəlxalq ticarət marşrutlarının məhdudlaşması ilə üzləşiblər.
Təhlildə qeyd olunur ki, ən azı 279 şirkət müharibənin maliyyə nəticələrini azaltmaq üçün fövqəladə tədbirlər görməyə məcbur olduqlarını açıqlayıb. Bu tədbirlər arasında məhsul qiymətlərinin artırılması, istehsalın azaldılması və xərclərin optimallaşdırılması yer alır.
Bəzi şirkətlər dividend ödənişlərini və səhmlərin geri alınması proqramlarını dayandırıb, digərləri isə işçiləri məcburi məzuniyyətə göndərib, yanacaq əlavələri tətbiq edib və ya dövlətlərdən təcili maliyyə dəstəyi istəyib.
Reuters bildirir ki, hazırkı böhran COVID-19 pandemiyası və Ukraynada müharibədən sonra qlobal biznesin qarşılaşdığı növbəti böyük sarsıntı kimi qiymətləndirilir. Analitiklərin fikrincə, davam edən qeyri-müəyyənlik və yaxın müddətdə atəşkəs razılaşmasının əldə olunacağına dair ümidlərin zəif olması şirkətlərin ilin qalan hissəsi ilə bağlı gözləntilərini daha da pisləşdirir.
Mütəxəssislər hesab edirlər ki, Hörmüz boğazında gərginliyin davam etməsi enerji bazarlarında yeni qiymət şoklarına, logistika xərclərinin artmasına və beynəlxalq ticarətdə əlavə gecikmələrə səbəb ola bilər. Bu isə həm iri korporasiyaların, həm də istehlakçı bazarlarının maliyyə vəziyyətinə mənfi təsir göstərməkdə davam edəcək.
Poliqon.info