AZ

Bakıda Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Hindistan Pavilyonu açıldı

BAKI, 18 may. TELEQRAF

Bu gün Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası çərçivəsində Hindistan Pavilyonunun rəsmi açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, pavilyon Hindistanın ölkəmizdəki səfiri Abhay Kumar tərəfindən açılıb.

Hindistanın Mənzil və Şəhər İşləri Nazirliyi tərəfindən “Hindistanın şəhər transformasiyası: Milyardlarla arzunun mənzillə təmin edilməsi” mövzusunda qurulan pavilyon ölkənin şəhərsalma sahəsindəki inkişaf yolunu nümayiş etdirir.

Sərgidə milli, ştat və şəhər səviyyəsində tətbiq olunan innovativ siyasətlərin, proqramların və tərəfdaşlıqların milyardlarla insanın həyatına necə müsbət təsir etdiyi barədə ətraflı məlumat verilir.

Açılış mərasimində çıxış edən səfir Abhay Kumar Hindistanın inklüziv, dayanıqlı və davamlı şəhərlər qurmaq istiqamətindəki qətiyyətini vurğulayıb.

Səfir qeyd edib ki, bu pavilyon qlobal tərəfdaşlar, nümayəndələr və şəhərsalma mütəxəssisləri üçün təcrübə mübadiləsi aparmaq, yeni ideyaları müzakirə etmək və əməkdaşlıq qurmaq üçün mühüm platformadır.

Pavilyonda Hindistanın şəhər infrastrukturunu və yaşayış şəraitini yaxşılaşdırmağa yönəlmiş bir sıra irimiqyaslı dövlət proqramları təqdim edilir: “Hamı üçün Mənzil” (PMAY), “Swachh Bharat Mission” (SBM), “AMRUT”, “Ağıllı Şəhərlər Missiyası”, “Milli Şəhər Yaşayış Missiyası” və “PM SVANidhi”.

Bu layihələr BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin icrasına töhfə verən inteqrasiya olunmuş yanaşmaları özündə əks etdirir.

Sərgi çərçivəsində şəhərlərin məlumat əsaslı idarəetmə, iqlimə uyğun fəaliyyət və ictimai iştirakçılıq vasitəsilə necə inkişaf etdiyini göstərən xüsusi təqdimatlar keçirilir.

Eyni zamanda, məkanda quraşdırılmış interaktiv qurğular vasitəsilə ziyarətçilər gələcəyin şəhərləri ilə bağlı öz ideya və baxışlarını bölüşə bilirlər.

Hindistan Pavilyonunun əsas hədəfi, müxtəlif tərəfdaşları bir araya gətirərək şəhər problemlərinin daha səmərəli planlaşdırılması və idarə olunmasını təmin edən inklüziv bir ekosistemin necə yaradıldığını dünyaya nümayiş etdirməkdir.

Seçilən
40
teleqraf.com

1Mənbələr