ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Magistratura imtahanının birinci cəhdi ilə ikinci cəhdi arasında müəyyən qədər vaxt olur. Məsələn, aranın 10 gün olması düzgün olmaz. Müəyyən vaxt qoyulmalıdır ki, bakalavrlar hansı çətinlikləri varsa, həmin istiqamətdə hazırlaşa bilsinlər. Vaxt seçimi nə gec, nə də tez olmalıdır. Mən düşünürəm ki, vaxt proporsionallığı və vaxt bölgüsü Dövlət İmtahan Mərkəzi tərəfindən düzgün seçilib".
Bu barədə Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov bildirdi.
"Hava şəraiti, tədbir, tıxac və s. olub — bu aydındır. Ümumi iş görülürsə, hamının fikri nəzərə alınmalıdır. Bəlkə kiminsə başqa problemi olub və buna görə imtahana buraxılmayıb. Kim şikayət edirsə, aidiyyəti qurumla əlaqə saxlaya bilər. Təkcə yazılan məlumatlara əsaslanıb yekun fikir formalaşdırmaq düzgün deyil.
İmtahan saat 10:00-da başlayırsa, həmin vaxta uyğun gəlmək lazımdır. Müəyyən səbəblərə görə 15–20 dəqiqə gecikmə ola bilər. 10:45-ə qədər bakalavrların imtahana buraxılması müəyyən hallarda normaldır. İmtahanın bu müddətdə keçirilməsi və vaxt bölgüsünün düzgün hesablanması DİM tərəfindən təşkil olunur".
Həmsöhbətimiz vurğuladı ki, təbii fəlakətlərdən və təbiət hadisələrindən heç kim sığortalanmayıb:
"İmtahana adi hallarda gecikən şəxslərin buraxılmaması normaldır. Biz öz qoyduğumuz qaydalara özümüz hörmətlə yanaşmalıyıq. Lakin dünənki hava şəraiti və üstəlik dünya səviyyəli tədbirin keçirilməsi nəzərə alınaraq, DİM tərəfindən obyektiv səbəbdən gecikən bakalavrların imtahan zalına müəyyən gecikmə ilə də olsa buraxılması prosesi həyata keçirilib. Bu addım təqdirəlayiqdir".
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.