"Bəri başdan deyim ki, Dövlət İmtahan Mərkəzinin verdiyi bu qərarı təqdir edirəm. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə də mövqeyimi bildirmişəm. Son iki gündə bir çox media qurumları da bu barədə rəy və fikir öyrənirdi və hər kəs haqlı olaraq hesab edirdi ki, məsələyə yenidən baxılmalıdır. Çünki ölkədə iki gün davam edən leysan yağışları, onun yaratdığı fəsadlar, eyni zamanda ölkə üzrə keçirilən genişmiqyaslı tədbirlər şəhərdə ciddi sıxlıq yaradıb. Bu isə magistraturaya qəbul imtahanında iştirak edən namizədlər üçün ciddi çətinliklərə səbəb olub. Qeyd edim ki, bir çox namizəd kifayət qədər əsaslandırılmış arqumentlər, video görüntülər və digər sübutlarla çıxış edərək onlar üçün yenidən imtahan şəraitinin yaradılmasını istəyirdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi keçirilib. İmtahan zamanı Bakı, Abşeron və Sumqayıt ərazilərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bir sıra gecikmə halları qeydə alınıb. DİM vəziyyəti nəzərə alaraq imtahanın başlanma saatını dəyişib və gecikən iştirakçıların imtahana buraxılmasını təmin edib. Rəsmi məlumatlara görə, ümumilikdə iştirakçıların təxminən 90 faizi imtahanda iştirak edib. Bununla belə, sosial şəbəkələrdə bir qrup bakalavrın gecikmə səbəbilə imtahana buraxılmadığı və nəticədə imtahanda iştirak edə bilmədiyi iddia olunub. Daha sonra isə həmin regionlar üzrə 14 iyun 2026-cı il tarixində imtahanın təkrar keçiriləcəyi açıqlanıb. Baş verənlər imtahan prosesində fövqəladə halların idarə olunması, bərabər imkanların qorunması və qiymətləndirmə sistemində ədalət prinsipləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin vaxt itirmədən və operativ şəkildə təkrar imtahanların keçirilməsi ilə bağlı qərar qəbul etməsi düşünülmüş və vacib addım idi.
"Ancaq burada qaranlıq qalan məqamlar da var. Artıq qərardan sonra namizədləri maraqlandıran başqa suallar ortaya çıxıb. Məsələn, onların ödədiyi 50 manatlıq imtahan haqqı qüvvədə qalacaqmı? Digər tərəfdən, Bakı, Sumqayıt və Abşeronda imtahanda iştirak edən və topladıqları baldan razı qalan şəxslərin nəticələri növbəti mərhələdə nəzərə alınacaqmı? Yəni açıq qalan suallar kifayət qədərdir. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi bu məsələlərə də aydınlıq gətirməlidir. Qəbul edilən qərarla bağlı həm ictimaiyyət, həm media, həm də namizədlər daha ətraflı məlumatlandırılmalıdır. Düzdür, növbəti mərhələyə qədər hələ müəyyən vaxt var. Amma bütün hallarda nəticələrin və digər detalların indidən izah olunması Dövlət İmtahan Mərkəzi tərəfindən çox yaxşı addım olardı".
Rəfiqə Namazəliyeva,
AzNews.az
DİGƏR XƏBƏRLƏR
Warning:Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95