1917-ci ildə xüsusi müstəntiq Pavel Aleksandrov Vladimir Lenini qanuni hakimiyyətə qarşı zorakı hərəkətlərdə və düşmənə kömək etməkdə - başqa sözlə, dövlətə xəyanətdə itttiham edərək cinayət işi açıb. Lenin həyatını xilas etmək üçün Razliv gölü yaxınlığındakı bir daxmada təxminən bir ay qalmağa və sonra qonşu Finlandiyaya qaçmağa məcbur olub.
Aleksandrov 1909-cu ildən Sankt-Peterburqda xüsusilə vacib işlər üzrə müstəntiq vəzifəsində çalışıb. O, Vitteyə qarşı sui-qəsd cəhdi, aktrisa Puare fırıldağı və gözəl Olqa Ştaynın cinayətkar fəaliyyəti də daxil olmaqla onlarla məşhur işi araşdırıb. Pavel general-mayor rütbəsinə bərabər olan dövlət müşaviri rütbəsinə yüksəlib. O, dürüst və obyektiv mütəxəssis, siyasi cəhətdən qərəzsiz kimi tanınıb. Lakin sonra Fevral inqilabı başlayıb və bolşeviklər birdən-birə peyda olublar.

Bir il Almaniya əsirliyində olan gizir Yermolenko müstəntiqin əlinə düşüb. Keçmiş əsir bildirib ki, Lenin Almaniya ordusunun baş qərargahından pul alan casusdur. Onun sözlərinə görə, müstəntiq Aleksandrov Vladimir İliçə və bolşeviklərə qarşı cinayət işi açıb.
İstintaq yavaş-yavaş davam edib, şübhəlilər dindirilməyə gəlməyiblər.
3-4 iyulda Petroqradda üsyan başlayanda müvəqqəti hökumət hadisəni bolşeviklərin yaratdığı qənaətinə gəlib. Nəticədə Lenin, Trotski və Kamenev daxil olmaqla toplam 140 nəfər haqqında həbs qərarı verilib.
Məlum olub ki, alman pulu Parvus, Sumenson və Qanetski vasitəsilə Kopenhagen və Stokholm banklarına köçürülüb. Oradan pul Petroqrada göndərilib və Kozlovski pulu bankdan alaraq bolşeviklərə verib. Köçürmələrin tarixləri və məbləğləri sübut kimi göstərilib. Bunun müqabilində leninçilər ölkədə xaos yaratmalı və Rusiyanın müharibədən çıxmasını təmin etməli idilər.

Məlumat mediaya Aleksandrovun yaxından işlədiyi əks-kəşfiyyat tərəfindən sızdırılıb. Onun əmri ilə 6 iyulda Leninin bacısı Anna Yelizarovanın evində axtarış aparılıb. Avropadan qayıtdıqdan sonra Lenin onunla birlikdə yaşayıb. İstintaq orqanları evdə külli miqdarda pul aşkar ediblər. Üstəlik, Anna və ərinin yaşadığı "Mühəndis Erlix evi" dəbdəbəli idi: mərmər pilləkənlər, qırmızı ağacdan qapılar və s. Bu cür dəbdəbə üçün pul haradan gəlirdi?
Lenin özü möcüzəvi şəkildə xilas olub. Kursantlar içəri girməzdən bir neçə dəqiqə əvvəl o, "Pravda" qəzetinin redaksiyasını tərk edib. İliç üç gün yoldaşları ilə gizləndikdən sonra silahdaşı Qriqori Zinovyevlə birlikdə Sestroretsk yaxınlığındakı bir kəndə köçüb və orada yerli fabrikdə işləyən Yemelyanovun tövləsində gizlənib. Bu kazarmada hazırda muzey yerləşir. 14 iyul 1917-ci ildə Lenin və Zinovyev Razliv gölünün yaxınlığındakı bir daxmada məskunlaşıblar. Onlar orada 8 avqusta qədər yaşayıblar. Daha sonra gecələr gölün sahilində havalar soyuduğundan Lenin Finlandiyaya adlayıb.

19 oktyabrda Aleksandrov istintaqını başa çatdırıb və işin bütün 22 cildini Petroqrad prokuroruna təhvil verib. Lakin cəmi bir həftə sonra bolşeviklər çevriliş edərək hakimiyyətə gəldiyi üçün sənədlər müsadirə edilib. Pavel, digər müstəntiqlər kimi, işdən çıxarılıb. Aleksandrov oktyabr çevrilişindən sonrakı ilk aylarda dinc yaşasa da, “humanist” Lenin onu bağışlamayıb. Buna görə də sabiq müstəntiq vətəndaş müharibəsinin sonuna qədər düşərgədə həbsdə qalıb.
Azadlığa çıxdıqdan sonra Pavel gizli yaşamağa və işləməyə çalışsa da, bu alınmayıb. 1928-ci ildə o yenidən həbs edilib və beş illik əmək düşərgəsinə göndərilib. Onun həyat yoldaşı kömək üçün bütün orqanlara, hətta Qırmızı Xaça da məktub yazıb. Nəticədə RSFSR-in ilk xalq təhsil komissarı A. Lunaçarskiyə məktub müsbət nəticə verib.

1932-ci ildə Pavel azadlığa buraxılıb və Sibirə sürgün edilib. 1930-cu illərin ortalarında o, Moskvaya köçdükdən sonra vəkil işləyib. Lakin 1939-cu il noyabrın 18-nə keçən gecə hakimiyyət orqanları 73 yaşlı kişini sakitcə evindən götürüb. 1940-cı ilin iyul ayında “Lenini əsassız olaraq Almaniya ilə əməkdaşlıqda ittiham etdiyinə” görə o, ölüm hökmünə məhkum edilib və iki ay sonra güllələnib.
Aleksandrovun apardığı işin 22 cildindən nəticə çıxarsaq, məlum olur ki, almanlar leninçilərin fəaliyyətindən çox məmnun olublar və bolşeviklərə kifayət qədər pul veriblər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün