Bakı, 18 may, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı günü” elan olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Muzeylər Günü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur və muzeylərin cəmiyyətin mədəni inkişafındakı roluna diqqət çəkir. Bu il Beynəlxalq Muzeylər Gününün “Parçalanmış dünyanı muzeylər birləşdirir” devizi tədbirin əsas ideya xəttini təşkil edib. Məhz bu konsepsiyaya uyğun olaraq muzeydə gənc musiqiçilərin iştirakı ilə striminq formatında musiqi proqramı təqdim edilib. Layihənin məqsədi musiqinin insanlar arasında mədəni körpü yaratmaq gücünü nümayiş etdirmək, fərqli məkanlarda yaşayan insanları sənət vasitəsilə bir araya gətirmək olub. Eyni zamanda, muzeylərin yalnız mədəni irsin qorunduğu məkan deyil, dialoq, ünsiyyət və mədəni əməkdaşlığı təşviq edən canlı platformalar olduğunu nümayiş etdirmək olub.
Tədbirdə iştirak edən gənc ifaçılar onlayn bağlantı vasitəsilə çıxış edərək, müxtəlif musiqi nömrələri ifa ediblər. Musiqi proqramını ziyarətçilər həm canlı şəkildə izləyib, həm də muzeyin sosial şəbəkə hesabları üzərindən canlı yayımla dinləyiblər.
“Açıq qapı günü” münasibətilə ziyarətçilər üçün Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar təşkil edilib. Ekskursiyalar zamanı iştirakçılar dünyaşöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin həyat və yaradıcılığı, eləcə də ailənin zəngin musiqi irsi ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Qeyd olunub ki, M.Rostropoviç musiqinin insanların dilindən, milliyyətindən və yaşından asılı olmayaraq hər kəsi birləşdirən gücə sahib olduğuna inanırdı. Onun “Musiqi elə bir vahid dildir ki, onu hər kəs başa düşə bilər” fikri sənətin gücünü və universallığını ifadə edir. Həqiqətən də, musiqi insanın hisslərini sözsüz çatdırır, qəlblər arasında körpü yaradır və müxtəlif mədəniyyətləri bir araya gətirir. Buna görə də musiqi dünyada sülhün, dostluğun və qarşılıqlı anlaşmanın ən gözəl vasitələrindən biri hesab olunur.