AZ

"Bəzi ölkələrdə “gecəqondular"da qadınlara hücum edilrər" - Bakı.da SOS

“Qeyri-rəsmi məskunlaşmaların, yəni bir çox ölkələrdə "gecəqondular” adlandırdığımız ərazilərin çox olduğu yerlərdə təhlükəsizlik problemləri yaranır”.

Bu sözləri Oxu.az-a Bakıda keçirilən BMT-nin şəhərsalma konfransında iştirak edən İqlim Ədaləti Uğrunda Qadınlar Beynəlxalq Təşkilatının prezidenti Ramatsobane Dorah Marema deyib.

O bildirib ki, çox vaxt bu yaşayış məntəqələrində giriş imkanları məhdud olur: “Görünürlük zəifdir, yollar yoxdur, əraziyə çıxış çətindir. Həmçinin küçə işıqlandırması kifayət qədər olmur, sanitariya şəraiti zəif olur. Qadınlar gecə vaxtı ümumi sanitariya məntəqələrinə getmək üçün evdən çıxmalı olurlar və nəticədə onlar çox həssas vəziyyətə düşürlər, çünki hücuma məruz qala bilərlər”.

Bakıda da 80-ci illərin sonu, 90-larda tikilən gecəqondular var. Bəs qadınlarla bağlı bu təhlükə nə dərəcədə həyəcanvericidir?

Məlumat üçün deyək ki, bu gün dünyada gecəqondular ən çox əhalisi sürətlə artan və sosial problemlərin çox olduğu ölkələrdə yayılıb. Xüsusilə Hindistan, Braziliya, Nigeriya, Pakistan, Keniya və Filippin kimi ölkələrdə milyonlarla insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.

Məsələn, Hindistanda Mumbay şəhərində yerləşən Dharavi dünyanın ən böyük gecəqondu ərazilərindən biri hesab olunur. Braziliyada isə “favela” adlanan bu məhəllələr əsasən Rio-de-Janeyro və San-Paulu şəhərlərində geniş yayılıb. Nigeriyanın Laqos şəhərində, Pakistanın Kəraçi şəhərində, Keniyanın paytaxtı Nayrobidə yerləşən Kibera bölgəsində də böyük gecəqondu məhəllələri mövcuddur.

Ümumiyyətlə, BMT-nin məlumatlarına görə, dünyada bir milyarddan çox insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Bunun əsas səbəbləri sürətli urbanizasiya, mənzil çatışmazlığı, yoxsulluq və işsizlikdir.

images.jpeg

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Mən həmin xanımın açıqlamasını dinlədim. Bəli, 1980-ci illərdə Bakıda gecəqondu tipli yaşayış məskənləri mövcud idi. İndiki Olimpiya Stadionunun yerləşdiyi ərazilərin yamac hissələri demək olar ki, gecəqondularla dolu idi. Təkcə həmin ərazilərdə deyil, Bakının digər rayonlarında, o cümlədən Binəqədidə və hətta bəzi mərkəzi hissələrdə də belə yaşayış məntəqələrinə rast gəlinirdi.

Amma onu da deməliyəm ki, bu gün Azərbaycanda həmin tip yaşayış məskənləri demək olar ki, yoxdur. Ümumilikdə, insanlar üçün təhlükə mənbəyi hesab edilən zonalar baxımından Bakı bir çox dünya ölkələri ilə, hətta ABŞ-ın bəzi şəhərləri ilə müqayisə oluna bilməz.

Məsələn, ABŞ-da elə ərazilər var ki, qaranlıq düşəndən sonra insanlara açıq şəkildə xəbərdarlıq edilir ki, həmin küçələrə çıxmasınlar. Bu, bu gün də bəzi şəhərlərdə mövcuddur. Avropa ölkələrində də vəziyyətin necə olduğu hamıya məlumdur”.

Kriminoloq əlavə edib ki, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərə, əməliyyat-axtarış fəaliyyətlərinə və 100 min nəfərə düşən cinayətlərin statistikasına baxsaq, Azərbaycan bir çox Avropa ölkələrini qabaqlayır: “Bizdə bu göstərici təxminən 310-320 civarındadırsa, bəzi ölkələrdə 2 min, 3 min, hətta 4 minə qədər yüksəlir.

1990-cı illərdən sonra, xüsusilə müstəqillik dövründə Azərbaycanda gecəqondu problemi böyük ölçüdə aradan qaldırılıb və artıq belə mənzərələrlə demək olar ki, qarşılaşmırıq.

Ümumiyyətlə, cinayətkarlıqla mübarizə siyasəti də kifayət qədər sağlam məntiqlə qurulub. Bu prosesdə artıq vətəndaş cəmiyyəti institutları da iştirak edir. Hesab edirəm ki, vaxtilə mövcud olan həmin təhlükələr artıq geridə qalıb”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr