Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şəki, 18 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də Şəki şəhərində fəaliyyət göstərən muzeylərdə “açıq qapı günü” elan olunub, silsilə tədbirlər həyata keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gün ərzində muzeylərə ekskursiyalar təşkil olunub, ziyarətçilərə Şəkinin zəngin tarixi, mədəni irsi, qədim sənətkarlıq ənənələri və muzey eksponatları haqqında ətraflı məlumat verilib. Geniş sərgi zonası təşkil olunaraq müxtəlif istiqamətləri əhatə edən ekspozisiyalar nümayiş etdirilib.
Regional Mədəniyyət İdarəsinin və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şəki Xan Sarayının qarşısında təşkil olunan tədbirdə muzeylərin cəmiyyət həyatındakı rolundan bəhs edilib, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd muzeylərlə əhali arasında daha sıx əlaqənin yaradılmasına nail olmaqdır.
Tədbirdə Kəlağayı və Yurd Yaddaşı Muzeyinin də sərgiləri təqdim olunub. Sərgilərdə tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən materiallar, şəxsi əşyalar və nadir eksponatlar nümayiş olunub. Eyni zamanda, xalq tətbiqi sənəti nümunələri, əl işləri və dekorativ-tətbiqi sənət məhsulları sərgilənərək Azərbaycanın zəngin mədəni irsi geniş şəkildə təqdim edilib.
Tədbir çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən 3 nömrəli Uşaq Musiqi Məktəbinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən milli musiqilər, muğamlar səsləndirilib.
Müxbir – Mustafa Dadaşov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.