Psixoloqlar dağıdıcı münasibətlərdə qalmağa səbəb olan dörd ən yayılmış “ağrılı yalanı” açıqlayıblar.
Hit.az xəbər verir ki, “Your Tango”nun yazdığına görə, bu yanlış düşüncələr insanların psixi və fiziki sağlamlığına zərər versə də, münasibəti davam etdirməsinə səbəb olur.
“Bu, uşaqlarımın həyatını məhv edəcək”
Ən geniş yayılmış qorxulardan biri boşanmanın uşaqlara mütləq travma yaşadacağı düşüncəsidir. Lakin münaqişəli ailədə böyüyən bir çox böyüklər etiraf edir ki, evdə davamlı gərginlik və mübahisələr onlar üçün valideynlərin ayrılmasından daha ağır olub.
Psixoloqlar bildirirlər ki, uşaqlar böyüklər bunu gizlətməyə çalışsa belə, toksik atmosferi hiss edirlər.
“Mən boşanmaq üçün çox yaşlıyam”
Digər yayılmış fikir isə yetkin yaşda yeni həyata başlamaq qorxusudur. Ekspertlərin sözlərinə görə, bu gün insanlar 50, 60 və hətta 70 yaşdan sonra da uzun və aktiv həyat yaşaya bilirlər.
Mütəxəssislər hesab edir ki, yalnız yaş faktoruna görə insanın özünü yorucu münasibətdə saxlamağı ən dağıdıcı səhvlərdən biridir.
“Boşandıqdan sonra heç kimi tapa bilməyəcəyəm”
Psixoloqlar 50 yaşdan sonra yeni münasibətin mümkün olmadığı fikrini də təkzib edirlər. Tanışlıq platformalarının statistikası göstərir ki, yaşlı insanlar getdikcə daha fəal şəkildə yeni münasibətlər qururlar və bir çoxu boşandıqdan sonra yenidən ciddi münasibətə başlayır.
Ekspertlər vurğulayırlar ki, tənhalıq qorxusu insanları toksik nikahda lazım olduğundan daha uzun müddət qalmağa məcbur edir.
“Mən artıq toksik münasibətlə yaşamağa öyrəşmişəm”
Psixoloqların ən təhlükəli hesab etdiyi fikir insanın zaman keçdikcə stressə davamlı hala gəldiyini düşünməsidir. Əslində isə uzunmüddətli emosional tükənmə sağlamlığa ciddi zərər vura bilər.
Alimlər xroniki stressi yaddaş problemləri, ürək-damar xəstəlikləri və hətta “Alzheimer” xəstəliyi riskinin artması ilə əlaqələndirirlər.
25 il toksik nikahda yaşayan qadının hekayəsi
Məqalədə 25 ildən çox alkoqol asılılığı olan həyat yoldaşı ilə yaşayan qadının hekayəsinə də yer verilib. Davamlı münaqişələr, nəzarət və stress zamanla onda miqren, yüksək təzyiq və immun sisteminin zəifləməsi kimi problemlər yaradıb.
Psixoloqlar qeyd edirlər ki, əsas problem çox vaxt yalnız münasibətin özü deyil, həm də insanın həyatını dəyişməkdən və xoşbəxtliyə layiq olduğunu qəbul etməkdən qorxmasıdır.
Samir