Flight Global nəşri Vaşinqtonun İran üzərindəki hava əməliyyatlarında ciddi aviasiya itkiləri verdiyini yazıb...
Poliqon xəbər verir ki, “Flight Global” nəşri ABŞ Silahlı Qüvvələrinin İranla hava qarşıdurması zamanı 40-dan çox hərbi təyyarə itirdiyini və ya ciddi zədələndiyini iddia edib.
Nəşrin yaydığı məlumata görə, ABŞ ordusu İran ərazisinə qarşı həyata keçirilən hava bombardmanları zamanı ümumilikdə 42 təyyarəni itirib və ya onların ağır zədələnməsi ilə üzləşib. Bildirilir ki, itkilər həm sabit qanadlı döyüş təyyarələrini, həm də helikopter və digər fırlanan qanadlı aviasiya vasitələrini əhatə edir.
Məlumatda qeyd olunur ki, əməliyyatların başlanmasından bəri ABŞ Hərbi Hava Qüvvələri müxtəlif tipli aviasiya platformaları üzrə ciddi döyüş itkiləri verib. Bunun İranın hava hücumundan müdafiə sistemləri və bölgədəki intensiv hərbi fəaliyyətlə əlaqəli olduğu bildirilir.
Hazırda ABŞ Müdafiə Nazirliyi tərəfindən bu məlumatlarla bağlı rəsmi təsdiq verilməyib. Pentaqonun yaxın saatlarda və ya günlərdə məsələ ilə bağlı açıqlama yayacağı gözlənilir.
Hərbi ekspertlər qeyd edirlər ki, əgər bu məlumatlar təsdiqlənərsə, bu, son illərdə ABŞ aviasiyasının üzləşdiyi ən böyük döyüş itkilərindən biri kimi qiymətləndirilə bilər. Analitiklərin fikrincə, İranın hava hücumundan müdafiə imkanları və pilotsuz sistemlərdən istifadəsi bölgədə hava üstünlüyü uğrunda mübarizəni daha mürəkkəb hala gətirib.
Bəzi müşahidəçilər isə belə məlumatların informasiya müharibəsinin tərkib hissəsi ola biləcəyini və rəqəmlərin müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənmədiyini vurğulayırlar.
Poliqon.info