AZ

Ukrayna 90 milyard avroluq Aİ krediti üçün vergi islahatlarına getməlidir

Maliyyə yardımının ayrılması üçün vergi qanunvericiliyində dəyişikliklər və ƏDV genişləndirilməsi tələb olunur...

Ukrayna Avropa İttifaqından ayrılması planlaşdırılan 90 milyard avroluq kredit paketinin bir hissəsini əldə etmək üçün vergi qanunvericiliyində dəyişikliklər etməli ola bilər.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, Kiyev 8,4 milyard avro məbləğində vəsaitin əldə edilməsi üçün xaricdən göndərilən bağlamalara tətbiq olunan 20% əlavə dəyər vergisinin (ƏDV) əhatə dairəsini genişləndirməlidir. Bu tələb Beynəlxalq Valyuta Fondunun (BVF) makromaliyyə yardım proqramı çərçivəsində irəli sürülən şərtlərlə əlaqələndirilir.

Bildirilir ki, BVF vergi islahatlarının həyata keçirilməsi halında Ukraynaya təxminən 700 milyon avro məbləğində yeni tranş ayırmağa hazırdır. Prosesin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulur: ilk ödənişin iyun ayında, ikinci tranşın sentyabrda, üçüncüsünün isə ilin sonuna qədər ayrılması planlaşdırılır.

Bloomberg qeyd edir ki, vergi qanunvericiliyinə təklif edilən dəyişikliklər Ukrayna ictimaiyyəti arasında populyar deyil. Bu səbəbdən, müvafiq islahatların parlament — Ali Rada tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi sual altındadır.

Eyni zamanda Avropa Komissiyası bəyan edib ki, hazırda Avropa İttifaqı ilə Ukrayna arasında kreditin ilkin vəsaitlərinin ayrılması üçün vacib olan üç saziş hələ tam razılaşdırılmayıb. Bu isə maliyyə yardımının vaxtında icrasına dair qeyri-müəyyənlik yaradır.

Analitiklərin fikrincə, Ukraynanın maliyyə yardımına çıxış imkanları beynəlxalq donorların tələb etdiyi struktur islahatların icra sürətindən birbaşa asılı olacaq. Bu isə həm iqtisadi, həm də siyasi baxımdan Kiyev üçün əlavə təzyiqlər yaradır.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr