AZ

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Alimentlə bağlı icra işlərinin sayında azalma müşahidə olunur ki, bu da diqqət çəkən sosial göstəricilərdən biri hesab edilir. Rəsmi statistikaya əsasən, ötən il icraatda 142 min aliment işi qeydə alındığı halda, bu ilin ilk üç ayında bu rəqəm 134 minə düşüb.

Bu tendensiya aliment borclarının daha çox ödənilməsi ilə bağlıdır, yoxsa yeni aliment iddialarının sayında azalma ilə izah olunmalıdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “demokrat.az”a bildirib ki,aliment işlərinin sayı azalıb:

"Əgər ötən il bu rəqəm 142 min idisə, hazırda 134 minə düşüb. Bunun azalmasının səbəbləri müxtəlif ola bilər. Məsələn, bəzi borclular aliment ödənişlərini tam yerinə yetirdikləri üçün işlər bağlanıb. Digər tərəfdən, uşaqların 18 yaşına çatması ilə aliment öhdəliyi başa çatır və həmin işlər icraatdan çıxarılır.
 

Bununla yanaşı, son illərdə gec evlənmə hallarının artması, boşanmalar, eləcə də ailələrdə uşaq sayının azalması da bu statistikaya təsir edən amillər sırasında göstərilə bilər. Ümumilikdə, əhali artım tempinin zəifləməsi və demoqrafik dəyişikliklər də aliment işlərinin sayına təsirsiz ötüşmür. Bu tendensiya sosial-iqtisadi dəyişikliklərin ailə institutuna təsirini də göstərir.


Eyni zamanda məhkəmə icra mexanizmlərinin daha effektiv işləməsi bəzi işlərin daha tez yekunlaşmasına səbəb ola bilər. Digər bir amil isə tərəflər arasında könüllü razılaşmaların artması ehtimalıdır",- deyə vəkil bildirib.

Yəni, ölkədə aliment işlərinin azalması həm bəzi ataların borclarını tam ödəməsi və uşaqların böyüməsi ilə bağlıdır, həm də evliliklərin azalması və ailələrdə uşaq sayının az olması kimi sosial səbəblərdən irəli gəlir.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr