AZ

ÜTT rəhbəri: Qlobal ticarət son 80 ilin ən ağır böhranını yaşayır

Bakı, 19 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tarif tədbirləri, eləcə də Hörmüz boğazı ətrafında yaranan risklər səbəbindən qlobal ticarət sistemi son 80 ilin ən ciddi böhranı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala NHK televiziyasına müsahibəsində səsləndirib.

“Qlobal ticarət sistemi son 80 ilin ən ağır böhranı ilə üzləşir. ABŞ-nin tarif tədbirlərinin təsirini görürük və digər üzv dövlətlər də müxtəlif addımlar atırlar”, – deyə o bildirib.

ÜTT rəhbəri Hörmüz boğazının bağlanması ehtimalının, xüsusilə Şərqi Asiya ölkələri üçün ciddi nəticələr doğura biləcəyini də vurğulayıb.

“Bu vəziyyət qlobal ticarətə əhəmiyyətli təsir göstərir. Qlobal enerji təchizatının beşdə biri Hörmüz boğazından keçir və bu marşrut, xüsusilə Şərqi Asiya ölkələri üçün mühüm əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.

Nqozi Okonjo-İveala qeyd edib ki, qlobal ticarətdə yaranan dəyişikliklər qismən ÜTT sisteminin islahatlar həyata keçirə bilməməsi və yeni şəraitə uyğunlaşmaması ilə bağlıdır. Bununla belə, o vurğulayıb ki, dünya ticarətinin təxminən dörddə üçü hələ də ÜTT prinsipləri çərçivəsində həyata keçirilir.

ÜTT rəhbəri təşkilatda, xüsusilə qərarların bütün üzvlərin yekdil razılığı əsasında qəbul edilməsini nəzərdə tutan konsensus sistemində islahatların vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu mexanizm qərar qəbuletmə prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Seçilən
89
2
azertag.az

3Mənbələr