AZ

Starmerə partiyadaxili təzyiq artır: Mançester meri daha populyardır

BAKI, 19 may. TELEQRAF

Böyük Mançester meri Endi Börnem hakim Leyboristlər Partiyasının üzvləri arasında Böyük Britaniyanın Baş naziri Kir Starmerdən daha populyardır.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” "YouGov" şirkətinin keçirdiyi sorğuya istinadən məlumat yayıb.

Araşdırmaya əsasən, leyboristlərin 47 faizi partiyanın rəhbəri kimi Endi Börnemi görmək istəyir. Respondentlərin 31 faizi isə Kir Starmeri ən uyğun namizəd hesab edir.

Böyük Britaniyanın sabiq səhiyyə naziri Uez Stritinqin partiyaya rəhbərlik etməsini istəyənlərin sayı isə cəmi 4 faiz təşkil edib.

Mayın 14-18-də keçirilən sorğuda "Leyboristlər Partiyası"nın 706 üzvü iştirak edib.

Məlumata görə, Endi Börnem İngiltərənin şimalındakı Meykerfild dairəsində keçiriləcək əlavə parlament seçkilərində qalib gələcəyi təqdirdə, iyunun sonlarında partiya liderinin dəyişdirilməsi prosesi başlaya bilər.

Qeyd olunur ki, Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli seçkilərdən sonra dərinləşib. Leyboristlər Partiyası Uels parlamenti üzərində nəzarəti itirib və İngiltərədə müxtəlif qanunverici orqanlarda əvvəlki ilə müqayisədə 1400 daha az mandat qazanıb.

Bundan sonra Kir Starmer seçki uğursuzluğuna görə məsuliyyəti üzərinə götürsə də, həm partiya lideri, həm də baş nazir postundan getməkdən imtina edib.

Seçilən
65
teleqraf.com

1Mənbələr