AZ

19 may 1919 cu il: Türk millətinin taleyini dəyişən tarixi addım

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramınız mübarək olsun. Mustafa Kamal Atatürkün Samsuna çıxışının 107-ci ildönümünə təsadüf edən bu mənalı günün bayram elan olunması prosesi 1938-ci ilə gedib çıxır. Atatürkün gəncliyə verdiyi önəmin simvolu olan 19 May hər il Türkiyə üzrə müxtəlif tədbirlərlə qeyd olunur.

1919-cu il 19 may tarixində Böyük Öndər Qazi Mustafa Kamal Atatürkün düşmənin dörd tərəfdən mühasirəyə aldığı vətəni qurtuluşa aparmaq üçün Samsuna çıxaraq Milli Mübarizəni başlatmasından 107 il ötür.

30 oktyabr 1918-ci ildə Mondros Müqaviləsi imzalandıqdan sonra İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya isə italyanlar tərəfindən işğal edildi.

Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri yerləşdirildi, 13 noyabr 1918-ci ildə isə İngiltərə donanması İstanbul önlərində lövbər saldı.

Vətən torpaqlarını qorumaq üçün illərini cəbhələrdə keçirən və 3 noyabr 1918-ci ildə İstanbulda Yıldırım Orduları Qrup Komandanlığından geri dönən Mustafa Kamal ölkənin xilası üçün hərəkətə keçdi.

Samsun və ətrafındakı rumlar, 17-18 mart 1919-cu ildə Samsuna çıxarılan ingilis qoşunlarının dəstəyi ilə qarışıqlıq yaradaraq Mondros Atəşkəs Müqaviləsinin 7-ci maddəsinə əsasən bölgəni Antanta dövlətlərinin işğalına açmağa çalışırdılar.

Bu hadisələrdən sonra türk xalqı özünü müdafiə etmək və can-mal təhlükəsizliyini qorumaq üçün təşkilatlanmağa başladı. Bundan narahat olan İngiltərə Ali Komissarlığı və Qara dəniz Ordusu Baş Komandanlığı 21 aprel 1919-cu ildə İstanbul hökumətinə nota verərək bölgədəki gərginliyin azaldılmasını tələb etdi.

Bölgədə asayişi təmin etmək məqsədilə 9-cu Ordu Müfəttişi təyin olunan Mustafa Kamal, İzmirin işğalından bir gün sonra — 16 may 1919-cu ildə Bandırma vapuru ilə İstanbuldan yola düşdü.

Mustafa Kamal və silahdaşları 19 mayda Samsunda Reji körpüsündən ilk addımlarını atdılar. Birinci Dünya Müharibəsi zamanı şəhərin bütün körpüləri ruslar tərəfindən bombalansa da, yalnız fransızlara məxsus Reji körpüsü salamat qalmışdı. Həmin dövrdə fransızların Samsunda siqaret istehsal edən fabriki fəaliyyət göstərirdi. Buna görə körpü “Tütün körpüsü” adı ilə də tanınırdı.

Mustafa Kamalın Samsuna gəlişi ingilislərdə narahatlıq yaratdığından o, burada cəmi 6 gün qaldıqdan sonra 25 mayda Havzaya keçdi.

Mustafa Kamal Paşanın qurtuluşa gedən yolda ikinci dayanacağı olan Havzada ilk mitinq keçirildi və onun göstərişi ilə İzmirin işğalı etiraz edildi.

Sonrakı dayanacağı Amasya olan Mustafa Kamal 18 gün ərzində Havzada Milli Mübarizə üçün mühüm fəaliyyətlər həyata keçirdi.

İngilislərin təzyiqi nəticəsində 9-cu Ordu Müfəttişliyi vəzifəsindən uzaqlaşdırılan Mustafa Kamal Havza xalqı ilə mülki şəxs kimi vidalaşdı.

Qazi Mustafa Kamal və silah yoldaşlarının Samsunda yandırdığı istiqlal məşəli daha sonra Amasya, Ərzurum və Sivasda da alovlandırılaraq bütün ölkəyə yayıldı. Milli Mübarizənin sonunda 29 oktyabr 1923-cü ildə qurulan Türkiyə Cümhuriyəti bu il 103 yaşını qeyd edir.

Ondokuz Mayıs Üniversitesi Təhsil Fakültəsinin müəllimi professor Kaya Tuncer Çağlayan bildirib ki, Milli Mübarizə türk tarixinin ən mühüm dönəmlərindən biridir.

Onun sözlərinə görə, Mondros Müqaviləsinin 7-ci maddəsi işğallara zəmin yaratmış, xüsusilə İstanbul və boğazlar başda olmaqla Anadolunun müxtəlif bölgələri işğal edilmişdi.

Çağlayan qeyd edib ki, 9 mart və 17 may 1919-cu ildə Samsuna da ingilis qoşunları çıxarılmışdı və bu baxımdan Milli Mübarizə türk millətinin vətəni qoruma savaşı idi. Bu yalnız müstəqillik və ərazi bütövlüyü deyil, həm də milli-mənəvi dəyərlərin qorunması uğrunda aparılan mübarizə idi.

O əlavə edib ki, Mustafa Kamal Paşa və silahdaşlarının İstanbulda apardıqları müzakirələr nəticəsində Milli Mübarizənin Anadolu mərkəzli aparılmasının qaçılmaz olduğu qənaəti formalaşmışdı.

Beləliklə, Mustafa Kamal Paşa türk millətinin taleyini dəyişmək üçün 19 may 1919-cu ildə Samsuna qədəm qoydu. Lakin əsas məsələ İstanbulda planlaşdırılan Anadolu mərkəzli Milli Mübarizə ideyasının həyata keçib-keçməyəcəyinin qeyri-müəyyən olması idi.

Hər nə qədər Milli Mübarizənin rəhbər heyəti hərbçilərdən ibarət olsa da, bu hərəkatın əsas gücü türk millətinin özü idi. Uzun illər davam edən müharibələrdən yorulmuş xalqın yeni bir mübarizəyə başlamaq üçün kifayət qədər enerji və cəsarətə sahib olub-olmadığı ilk dəfə məhz Samsunda sınaqdan keçirildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
sherg.az

1Mənbələr