AZ

İranda kütləvi həbslər və edamlarla bağlı narahatlıq artır

ABŞ-də fəaliyyət göstərən İnsan Hüquqları Fəallarının Xəbər Agentliyi bildirib ki, fevralın 28-dən mayın 9-dək İranda ən azı 4023 nəfər saxlanılıb.

News365.az-ın məlumatına görə, həbs olunan şəxslərə casusluq, dövlət təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək, həmçinin münaqişə ilə bağlı məlumatları xarici media qurumlarına ötürmək və paylaşmaq kimi ittihamlar irəli sürülüb.

Hüquq müdafiəçiləri hesab edirlər ki, İran hakimiyyəti bölgədəki gərgin vəziyyətdən istifadə edərək ifadə azadlığını daha da məhdudlaşdırır və mülki şəxslərə qarşı təzyiqləri artırır.

İran polisinin rəhbəri Əhməd Rza Radan isə açıqlamasında bildirib ki, yanvar ayında baş verən hökumət əleyhinə etirazlardan sonra ABŞ və İsraillə əlaqədə şübhəli bilinən 6500-dən çox şəxs saxlanılıb. Rəsmi dairələr onları xəyanət və casusluqda ittiham edir.

Bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatına əsasən, etiraz aksiyalarının dağıdılması zamanı minlərlə insan həyatını itirib.

Ölkədə edamlarla bağlı narahatlıqların da artdığı bildirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, müharibənin başlanmasından sonra siyasi məhbus hesab olunan 26 nəfər edam edilib. Onlardan 14 nəfər yanvar etirazları ilə əlaqədar, bir nəfər 2022-ci il hadisələrinə görə, digər şəxslər isə qadağan olunmuş müxalif qruplarla əlaqədə ittiham olunaraq ölüm cəzasına məhkum ediliblər.

İran dövlət mediası isə müharibə başlayandan bəri İsrailə casusluq etməkdə günahlandırılan altı nəfərin edam olunduğunu açıqlayıb.

Bundan əlavə, İnsan Hüquqları Fəallarının Xəbər Agentliyi bildirib ki, ABŞ və İsrailin İrana yönəlmiş hücumları nəticəsində azı 3636 nəfər həyatını itirib. Ölənlər arasında 1701 mülki şəxsin olduğu qeyd olunur.

News365.az

Seçilən
4
news365.az

1Mənbələr