AZ

Bu gün Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mülki aviasiya kapitanı İqor Kşnyakinin doğum günüdür. Yaşasaydı, 64 yaşı tamam olacaqdı.

İqor İvanoviç Kşnyakin 1962-ci il mayın 19-da Bakıda anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya Uçuş Məktəbində alıb. Daha sonra Rusiya Dövlət Hidrometeorologiya İnstitutunda meteorologiya ixtisası üzrə təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsində An-2 təyyarəsinin ikinci pilotu kimi başlayan Kşnyakin sonrakı illərdə müxtəlif hava gəmilərində pilot və kapitan vəzifələrində çalışıb.

O, 1990-cı illərdən etibarən Azərbaycan mülki aviasiyasında Yak-40, Tu-134, An-140, ATR-42/72 və Embraer-170/190 tipli təyyarələrdə xidmət edib. 2013-cü ildən "Azərbaycan Hava Yolları" QSC-də Embraer-170/190 hava gəmisinin kapitanı vəzifəsində çalışıb.

2020-ci ildə Bakı-Moskva reysi zamanı sərnişinlərdən birinin halı qəfil pisləşdiyi üçün kapitan İqor Kşnyakin təcili eniş qərarı verib və bununla sərnişinin həyatını xilas edib.

İqor Kşnyakin 2024-cü il dekabrın 25-də AZAL-a məxsus Embraer 190 təyyarəsinin qəzaya uğraması zamanı həyatını itirib. Təyyarənin Rusiya hava hücumundan müdafiə sisteminə aid "Pantsir-S1" zenit-raket kompleksi ilə vurulduğu bildirilirdi.

Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərində yaranan nasazlığa baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhəri yaxınlığına yönləndirə biliblər. Qəza enişi zamanı təyyarə yerə çırpılıb.

Hadisə zamanı təyyarədə 67 nəfər olub. Onlardan 29 nəfər sağ qalıb, 38 nəfər isə həyatını itirib.

İqor Kşnyakin 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Milli Qəhrəman ailəli idi. Onun bir oğlu və üç qızı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
baku.ws

2Mənbələr