Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kiyevin mərkəzinin vurulmasına Kremlin vurulması ilə cavab verilə bilər
Vladimir Putinin 9 may Qələbə Paradı ilə əlaqədar üzləşdiyi rüsvayçılığı təhlil edən bəzi siyasi icmalçıların qənaətinə görə, Rusiya Ukraynada apardığı müharibədə məğlubiyyətə doğru sürüklənir. 2005-ci ildə faşizm üzərində qələbənin 60 illik yubileyində iştirak etmək üçün Qərb liderlərinin Moskvaya toplaşması Rusiyanı yenidən möhtəşəm göstərmiş, Putinin populyarlıq reytinqini qaldırmışdı. Lakin builki paradda Zelenskinin mərhəmətinə möhtac qalan Putinin narahat baxışları Rusiyanın çətin və zavallı durumunu təzahür etdirsə də, Kreml müharibəyə son qoymaq niyyətindən uzaq görünür.
Əgər Putin müharibəyə başlayanda “faşist” və “narkoman” adlandırdığı Zelenskiyə indi “cənab” deyirsə, heç də elə zənn edilməsin ki, o, tezliklə Ukrayna Prezidenti ilə analaşmaq və müharibəni bitirmək fikrinə düşüb. Putin Ukrayna Silahlı Qüvvələrini və Ukrayna cəmiyyətini “taqətdən salma” strategiyası sayəsində məğlub edəcəyinə hələ də inanır. O düşünür ki, Ukrayna ilə müqayisədə Rusiyanın daha böyük resursa malik olması, canlı qüvvə potensialı bu ideyanı gec-tez reallaşdıracaq.
Hərbi analitiklərin fikrincə, tükəndirmə strategiyası çərçivəsində Rusiya yeni taktikaya baş vuraraq, Ukraynanın paytaxtı Kiyevə və həmçinin də, qərarların qəbul olunduğu mərkəzlərə kütləvi raket-dron hücumları təşkil etməyi planlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın bu cür raket-dron hücumlarına hazırlaşdığını deyib: "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri rusların Ukraynaya, xüsusən də, "qərar qəbuletmə mərkəzlərinə" qarşı yeni raket və dron hücumları hazırladıqlarına dair sənədlər əldə ediblər. Buraya təxminən iyirmiyə yaxın siyasi mərkəz və hərbi obyekt daxildir".
Rusiyanın “qərarların qəbul edilmə mərkəzləri”ni məhv etməsi, əslində, Ukraynanın 90-100 metr dərinlikdə yerləşən bunkerlərini dağıtması analmına gəlir. Ancaq hərbi ekspertlər deyirlər ki, Rusiyanın silah arsenalında ən güclü bunker bombası “KAB-1500L”-dir və o da ən yaxşı halda iyirmi metrədək dərinliyə təsir etmə gücünə malikdir. Bunu həyata keçirmək üçün Rusiya təyyarəsi hədəfə birbaşa sərrast zərbə endirməlidir. Prinsip etibarı ilə ruslar Kiyevin mərkəzini və o cümlədən Prezident iqamətgahını, Ali Radanı və Nazirlər Kabinetinin binasını “İskander” və “Kinjal raketləri ilə vura bilərlər.

Bəs, görəsən, Putin Rusiyanın müvafiq hücumlarına cavab olaraq Ukrayna ordusunun da paytaxt Moskvaya və ələlxüsus da Kremlə dağıdıcı zərbələr endirə biləcəyini fikirləşmirmi?
Ukraynanın öz zərbə dronlarnı, ballistik və qanadlı raketlərini sürətlə təkmilləşdirməsi hamıya bəllidir. Kreml rəhbəri Ukraynanın Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr vurduğunu və bu hücumların səmərəliliyinin getdikcə artdığını görsə də, Rusiyanın buna tab gətirəcəyinə və əhalinin səssiz qalacağına ümid bəsləyir. Müharibədə Rusiya tərəfdən təxminən 400 min nəfərin ölməsi və 1 milyonun yaralanması Putini qətiyyən narahat etmir. Rusiya Prezidentini narahat edən yalnız iki məsələ var.

Brincisi, hakimiyyət daxilində onu devirmək istəyən komandanın formalaşmasıdır.
İkincisi isə onun müharibənin törətdiyi daxili problemlərin, bəlaların əsas səbəbkarı hesab edilməsidir.
Ukrayna ordusunun hücumları nəticəsində Rusiya şəhərlərində yaranan acınacaqlı mənzərələrin, döyüşlərdə ölənlərin sayının durmadan artmasının və ən əsası isə ölkədəki iqtisadi tənəzzülün meydana gəlməsinin əsas günahkarının və baş memarının məhz Vladimir Putin olması düşüncəsini ictimai şüurdan uzaq tutmaq Kremlin müharibə strategiyasının ayrılmaz tərkib hissəsidir. Rusiyanın rəsmi təbliğat maşınının qarşısında dayanan başlıca məqsəd Putinin ayağına heç bir strateji səhvin və ya günahın yazılmamasıdır.

Rusiayda narazılıq hələlik kütləvi etirazlar xarakteri almasa da, hər halda müharibənin ölkə iqtisadiyyatına vurduğu fəasadları dilə gətirənlər çoxalır. Rusiya siyasi texnoloqları KİV-lərin köməyi ilə Ukrayna müharibəsindəki uğursuzluğun əsl səbəbkarının sifətini qorumaq naminə bir çox mətləbləri artıq gizlətmirlər. Cəbhədəki vəziyyətin ağırlığından, Ukrayna ordusunun dron zərbələrinin ölkəyə vurduğu ziyanlardan açıq danışırlar. Onlar yaxşı anlayırlar ki, Rusiyanın əksər yerlərində partlayışların baş verdiyi bir vaxtda, efirdən dörd il bundan öncəki bayağı şüarların səsləndirilməsi axmaqlıq olar.
Xalqı məhrumiyyətlərə alışdırmaq üçün kontrollu tənqidlərlə “qəzəb qapağı”nın ağzını bir qədər aralayırlar ki, ”narazılıq buxarı” uçub getsin. Televiziya kanallarında Rusiyanın niyə müharibə apardığını artıq izah etmirlər, sadəcə deyirlər ki, Rusiya Avropa ilə döyüşür və düşmən güclüdür. Təbliğatçılar korpusu indi elə təsəvvür yaratmağa çalışır ki, sanki bütün məsuliyyəti Sergey Şoyqu, Müdafiə Nazirliyi, qubernatorlar və ya hansısa ayrı-ayrı komandirlər daşıyır.
Son zamanlar Vladimir Solovyovun proqramlarında tez-tez “biz” ifadəsinin işlədilməsi də xeyli maraq doğurur. Studiyadakılar ”Biz yeni taktika hazırlamalıyıq”, “Biz Avropanın maraqlarına necə zərbə vurmaq haqqında düşünməliyik”, ”Biz düzgün qərarlar verməlyik”, ”Biz harada səhv etmişik?” kimi ifadələrlə izləyicinin beynini qarışdırmağa və uğursuzluqların səbəbini hansısa naməlum “bizlər”in, yəni, heç bir hüququ olmayan ictimaiyyətin üzərinə yıxmaq istəyirlər. Yəqin, ən kritik məqamlarda deyəcəklər ki, bəs, günahkarlar ordudakı satqınlar və kifayət qədər vətənpərvərlik nümayiş etdirməyən, rəhbərin səsinə lazımı səviyyədə səs verməyən rus xalqıdır.

Beləliklə, Rusiyanın müharibə strategiyası faktiki dəyişməz qalır və elə ona görə də Ukrayna Moskvanın sülh barədə dediklərinə haqlı olaraq inanmır. Ukraynanın müharibədəki mövqeyinin necə olması dünyanın mövcud güc mərkəzlərinin yürütdükləri siyasətdən də asılıdır. Hazırda Ukraynanın üstün tərəfi Avropadan gələn hərbi-maliyyə dəstəyinin kəsliməməsi və bunun artan templə getməsidir. Ukraynaya lazımi dəstəyin göstərilməsi də daxil olmaqla, qitənin vahid təhlükəsizlik arxitekturasını yenidən qurması üçün Avropaya vaxt lazımdır. Avropa üçün NATO öz tarixi aktuallığını itirmək üzrədir və ABŞ-nin onu müdafiə etməyəcəyi artıq bəllidir.
Rusiya ilə yaxın münasibətləri olan Çinsə öz strateji məqsdlərini bacardıqca gizlətməyə çalışır. Çin üzdə büruzə verməsə də, Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlıdır. Pekin Rusiyanın zəifləməsini yaxşı görür və əlverişli məqam gələndə bu ölkənin milyonlarla kvadrat kilometr ərazisinə sahiblənməyi düşünür.
Rusiyanı öz geostrateji oyununun bir aləti hesab edən ABŞ-yə arxayın olmaq isə Ukrayna üçün təhlükəli ssenaridir. Ukraynanın ABŞ-dən asılılığının tədricən azalması onun xeyrinədir. ABŞ dünya hegemonluğunu qoruyub saxlmaq və onu daha da möhkəmləndirməkdən ötrü çoxgedişli siyasi-iqtisadi və hərbi kombinasiyalar qurur.
Rusiya ilə Avropa arasında ixtilafın dərinləşməsi Vaşinqtonun geostrateji planına uyğundur. ABŞ Rusiyanın zəifləməsində nə qədər maraqlı olsa da, onun şərq hissəsinin Çin tərəfindən həzm edilməsini qətiyyən istəmir.
Hələ ki, Ukraynanın dron-raket zərbələri Rusiya iqtisadiyyatını iflic halına sala bilməyib, onu valyutadan məhrum etməyib. Yuxarıda qeyd olunduğu kimi Putin Rusiyanın təbii resurslarından gələn gəlirlərə arxayındır.
Ukrayna Rusiyanın önünü kəsmək üçün Putinin pul kisəsinə, yəni, neft-qaz sənayesinə məxsus obyektlərə, ən başlıcası isə neft terminallarına hücumlarını daha da intensivləşdirmək, zərbələrin təsir imkanlarını xeyli artırmaq məcburiyyətindədir. Əgər Ukrayna Rusiyanın dərinliklərinə zərbələri lazımı səviyyədə təkmilləşdirərsə, Putinin narahatlığı, yəni, hakim elitanın “çarı devirmək” istəyi də artacaq.
Vaqif Nəsibov
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.