Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "ASAN Könüllüləri" Təşkilatı Dövlət Dəstəyi Agentliyinin pavilyonunda "Şəhərləşmədə ASAN modeli: Dövlət xidmətlərinin və könüllülüyün rolu" adlı panel müzakirəsi keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, sessiyada könüllülüyün, gənclərin iştirakçılığının və innovativ dövlət xidməti yanaşmalarının dayanıqlı şəhər inkişafına verdiyi töhfələr vurğulanacaq.
Panel çərçivəsində həmçinin ASAN modeli əsasında həyata keçirilən "ASAN Müraciət" və "ASAN Həyat" daxil olmaqla sosial təsir təşəbbüsləri təqdim olunacaq, eyni zamanda inklüziv və dayanıqlı şəhər icmalarının formalaşmasında vətəndaş iştirakının rolu ilə bağlı iştirakçılarla interaktiv müzakirələr aparılacaq.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Xəbər yenilənəcək