AZ

UN-Habitat: Əsas məqsəd mənzil əlçatanlığına nail olmaqdır

Bakı, 19 may, AZƏRTAC

Şərqi Avropa və Mərkəzi Asiya üzrə Qrup Bakıda keçirilən Dünya Şəhər Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional qrup UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı) tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (RoEECA) vasitəsilə regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində təşkil olunur.

Görüşdə müxtəlif ölkələrdən hökumətlərin, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin, akademik icmanın, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Regional Ofisin direktoru Erfan Əliyev çıxış edərək dünyada baş verən demoqrafik dəyişikliklərdən danışıb və qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlərə böyük əhəmiyyət verir.

"Hazırda həyata keçirdiyimiz fəaliyyətlər, baxışımız və UN-Habitat-ın yeni strateji planının icrası üzrə yol xəritəmiz hazırlanıb. Yəqin ki, qurumun yeni strateji planı var. Biz artıq bu yeni baxış və strategiya üzərində işləməyə başlamışıq və təşkilatımızın diqqətini yenidən mənzil məsələlərinə, xüsusilə də mənzil böhranına yönəldirik. Əsas məqsədimiz əhali üçün mənzillərin əlçatan olmasından ibarətdir. Müasir mənzillər ekoloji tələblərə cavab verməli, insanların rahatlığına və təhlükəsizliyinə xidmət etməlidir. Proqramın məqsədi üç əsas istiqamət üzrə real təsir və transformativ dəyişikliklərə nail olmaqdır: yerli səviyyədə yoxsulluğun aradan qaldırılması və rifahın artırılması, iqlim fəaliyyəti sahəsində yerli səviyyədə tədbirlərin gücləndirilməsi və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi",- deyə direktor vurğulayıb.

E.Əliyev hər 3 məqsəd barədə ətraflı məlumat verib.

Sonra Ukrayna, Serbiya, Gürcüstan, Moldova və başqa dövlətlərdən gələn vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək reallıq və problemlərdən danışıblar.

Seçilən
39
1
azertag.az

2Mənbələr