Ajans.az xəbər verir ki, bunu Fransanın Ekoloji Keçid, Biomüxtəliflik, Meşəçilik, Dəniz və Balıqçılıq Nazirliyinin davamlı şəhərsalma üzrə nazirlərarası nümayəndəsi Yves-Laurent Sapoval Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) çərçivəsində "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib. Onun sözlərinə görə, mənzil məsələsi illərdir beynəlxalq gündəliyin mərkəzinə gətirilməyə çalışılır və artıq bu istiqamətdə ciddi irəliləyiş hiss olunur: "Qlobal sərvətin əsas hissəsini daşınmaz əmlak təşkil edir. Bunun da 60-70 %-i mənzillərin payına düşür. Mənzil insanların sahib olduğu əsas dəyərdir. Mövcud yaşayış fondunun qorunması və iqlim dəyişikliyinə uyğunlaşdırılması əsas prioritetlərdən biridir. Daşınmaz əmlak və mənzil sektoru iqlim dəyişikliklərinə ciddi şəkildə məruz qalır. Bir çox insan evlərini dəyişməli və ya uyğunlaşdırmalı olacaq. Bu, yalnız iqlimlə deyil, həm də əhalinin yaşlanması kimi demoqrafik məsələlərlə bağlıdır". O bildirib ki, yeni mənzillərin, xüsusilə sosial mənzillərin tikintisinin davam etdirilməsi vacibdir: "Bu, yalnız işçilərin yaşayış yeri tapması üçün deyil, həm də tələbələrin mənzil təminatı baxımından mühüm məsələdir. Yeni yaşayış layihələri mövcud problemləri daha da ağırlaşdırmamalıdır. Yeni evlər tikərkən mövcud vəziyyəti daha da pisləşdirməməliyik. Bunun üçün isə innovasiyalara böyük ehtiyac var".