AZ

Ukrayna uduzur, onlar isə qazanırlar...

Ukrayna bu savaşdan çıxmağa imkan verməyən həm də bu acgöz korrupsiya sistemidir

Ukrayna müharibəsi haqda yazmaq maraqsızdır. Çünki bu müharibənin şəkli də, rəngi də dəyişib. İstənilən müharibədə ordudan yayınan da olur, sərhədi qadın paltarında keçməyə cəhd edən də, saxta əlillik arayışı alan da, düşmənə satılan da, satqın da...Bu, müharibənin yazılmamış qanunlarıdır. Qorxulusu odur ki, bütün dünyanın maddi dəstək verdiyi, hər gün yüzlərlə insanın həlak olduğu ölkənin hakimiyyətindəki acgöz adamlar “arxa cəbhədə” dövlətə xəyanət edələr, milyardları dədələrinin malı kimi mənimsəyələr... Belə Vətən müharibəsi olmur.

Əsgər və zabit məhrumiyyətlər içərisində, ən ağır şəraitdə torpaqlarını müdafiə edərkən “prezident sroku” getmiş Zelenskinin ən yaxın ətrafının unitazlarını qızıldan edəcək həddə qudurması o deməkdir ki, Ukrayna Rusiya təcavüzü ilə bərabər həm də dövlət səviyyəsində korrupsiyanın da qurbanıdır.

Ukraynada dövlətin soyulması, eləcə də Zelenski komandasının korrupsiyalaşması nə dünya, nə ukraynalılar üçün təəccüblü deyil. Korrupsiya Ukraynanın əlbəttə ki, yeni bəlası deyil, müstəqillikdən üzü bəri də ən müxtəlif hesabatlarda bu ölkə “liderlər” sırasında olub.

Ukraynada məmur korrupsiyası səbəbindən ABŞ-nin təhriki ilə illər öncə yaradılmış Milli Antikorrupsiya Bürosunun (NABU) və SAP-ın ( Xüsusi Antikorrupsiya Prokurorluğu) son aylar açıqladığı hesabatlar “görünən dağın bir hissəsidir”. Dünyanın ən nüfuzlu nəşrləri müharibə üçün ayrılan milyardların Zelenski komandası tərəfindən mənimsənilməsi barədə indiyədək çoxsaylı araşdırmalar dərc edib. NABU və SAP Demokrat Partiyasının fəal iştirakı ilə yaradılmış strukturlardır. O səbəbdən də Tramp onların işinə soyuq münasibət bəsləyir və indi bu strukturlara daha çox Brüssel nəzarət edir.

Picture

Zelenskinin xas adamı (aktyor olanda “xaç atası”)Mendiçin (ölkədən nə sirdirsə, qaça bilib) ötən il ifşası ilə başlayan korrupsiya araşdırması Prezident Ofisinin sabiq rəhbərinə gəlib çatıb. İstintaq enerji də daxil bir neçə istiqamətlidir, Yermak isə Kiyev yaxınlığında dəbdəbəli mənzil tikintisi zamanı çirkli pulların yuyulmasında ittiham olunur. Yermak dörd gün təcridxanada qaldı, bəlkə də qorxdu ki, çox sirləri bildiyindən onu öldürərlər, ona görə 3,5 milyon dollar ekvivalentində qrivin(140 milyon Ukrayna pulu) verərək zaminə buraxıldı. Dedi ki, o boyda pulu qısa müddətdə dostları toplayıb. Ukrayna mənbələri yazır ki, vəsait Yermakın nəzarətində olan yeddi hüquqi, yeddi fiziki şəxs, o cümlədən onun vəkilləri və Ukrayna milli futbol komandasının məşqçisi Sergey Rebrov tərəfindən ianə edilib. Yermakın qaçacaq yeri yoxdur, xüsusən də ayağına taxılmış elektron “bilərzik”lə...Zelenskinin “sağ qolu” olmuş Yermak barəsində istintaq başlayanda demişdi ki, istefa verib vuruşmağa gedəcək, amma hələ də getməyib. Dünən həbsdən buraxılanda onun gözündə nə qorxu, nə peşmançılıq hiss edilirdi.


Picture

Ukrayna ilə işləyən Qərb kuratorları isə bu teatrı izləməkdədirlər. Qərb hələ ki, korrupsiyalaşmış şəxslərə qarşı heç bir sanksiya tətbiq etməyib. Avropa Komissiyasından bildirilib ki, baş verənlər “Ukraynanın korrupsiyaya qarşı mübarizə sisteminin canlılığını və müstəqilliyini nümayiş etdirir”. Avropa Komissiyası da korrupsiya qalmaqalların araşdırmaq əvəzinə, Ukraynaya pul köçürməyə davam edir. Bildirilir ki, Aİ Yermakın işi mümkün qədər uzadılmasında maraqlıdır, bu faktlardan Zelenskiyə təzyiq göstərmək üçün istifadə edə bilər. Eyni zamanda, korrupsiya qalmaqalları Ukraynanın Aİ üzvlüyü istəyinə əngəlləmək üçün əlverişli bəhanədir...
Zelenski isə dara düşəndə “Rusiya məni öldürtmək” istəyir(guya indi istəyir?) piarını yenidən efirə buraxıb. Halbuki onun siyasətinə bir az təftişçi yanaşanda görünür ki, ölməsindən hakimiyyətdə qalması Rusiyanın daha çox xeyrinədir. Onun yerinə məsələn, Britaniyadakı səfir Zalujnı kimi praqmatik biri gələrsə, o Kreml üçün daha ciddi düşmən ola bilər.
Uzanan savaş səbəbindən Rusiya hakimiyyətində də korrupsiyaya dadanlar hər gün artır, amma Putin “həll yolunu” tapıb. “Mənimsənilən pula görə get cəbhədə canını ver” deyir.Dövləti yıxan bu korrupsiya faktlarından xəbərdar olan vətənpərvər ukraynalı döyüşçünün səngərdə nə düşündüyünü təxmin etmək çətin deyil. Ukrayna bu savaşdan çıxmağa imkan verməyən həm də bu acgöz korrupsiya sistemidir. Ölkə uduzur, onlar isə qazanırlar...

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr