AZ

Tək yaşayanların sayı artır

Son illər cəmiyyətdə hiss olunan dəyişikliklərdən biri də ailə strukturunun dəyişməsidir. 

Tək yaşayan insanların sayı artır, evlər isə kiçilir. Bu dəyişiklik cəmiyyətin gündəlik həyatında aydın şəkildə hiss olunur və insanların yaşayış tərzində yeni bir istiqamətin formalaşdığını göstərir.

"Cebheinfo.az" xəbər verir ki, keçmişdə ailə anlayışı daha çox birlik və paylaşım üzərində qurulmuşdu. Bir evdə nənə, baba, valideynlər və uşaqlar birlikdə yaşayırdı. Hər gün süfrə başında hamı bir yerə yığışardı. Evin böyüyü söz sahibi sayılırdı. İnsanlar daha çox birlikdə yaşayır, qərarları da bir yerdə verirdilər. 

Amma zaman keçdikcə həyat tərzi dəyişdi. İnsanlar oxumaq, işləmək və daha sərbəst yaşamaq üçün ayrı evlərə çıxmağa başladılar. Xüsusilə gənclər öz həyatını tək qurmaq istəyir. Kimisi təhsil üçün başqa şəhərə gedir, kimisi iş üçün ailəsindən ayrı yaşayır. Beləliklə tək yaşayan insanların sayı getdikcə artır.

Bu gün bir çox insan üçün tək yaşamaq azadlıq deməkdir. İnsan istəyir ki, öz evində öz qaydasını özü qoysun. Nə vaxt istəsə istirahət etsin, nə vaxt istəsə işini görsün. Heç kimə uyğunlaşmadan yaşamaq bəziləri üçün daha rahat görünür. Bu da tək yaşamağı daha çox yayır.

Bununla yanaşı, cəmiyyətdə ailə qurma yaşının artması da bu vəziyyətə təsir edir. İnsanlar daha gec evlənir, daha gec ailə qurur. Bəziləri isə uzun müddət tək yaşamağı seçir. Boşanma hallarının artması da tək yaşayanların sayını çoxaldır.

Bu dəyişikliklər ev bazarına da təsir edir. İndi daha çox kiçik evlərə ehtiyac var. Xüsusilə 1 və 2 otaqlı mənzillər daha çox tələb olunur. Çünki tək yaşayan insanlar böyük ev almaq istəmirlər. Onlar üçün kiçik, rahat və baxımı asan evlər daha uyğundur.

Tələbat artdığı üçün kiçik evlərin qiymətləri də yüksəlir. Əvvəllər daha ucuz sayılan birotaqlı evlər indi daha baha olur. Bu da göstərir ki, insanların yaşayış tərzi dəyişdikcə bazar da ona uyğun dəyişir.

Kiçik evlərdə yaşamaq həm xərclərin azalması, həm də rahatlıq deməkdir. İnsanlar böyük evin təmizliyi, baxımı və xərcləri ilə məşğul olmaq istəmir. Ona görə də daha kiçik, rahat evlər seçilir. 

Amma bu prosesin başqa bir tərəfi də var. Tək yaşamaq bir tərəfdən azadlıq və rahatlıq hissi versə də, digər tərəfdən insanın sosial əlaqələrini zəiflədə bilər. 

İnsan gündəlik həyatında daha az ünsiyyət qurduqca, emosional boşluq və tənhalıq hissi də yarana bilər. Buna görə də tək yaşamaq seçimi yalnız rahatlıq deyil, eyni zamanda məsuliyyətli bir həyat tərzi kimi də dəyərləndirilir.

Bu vəziyyət cəmiyyətdə yeni sosial münasibətlərin formalaşmasına gətirib çıxarır. İnsanlar artıq ailə daxilində deyil, daha çox dostlar, iş mühiti və sosial şəbəkələr vasitəsilə ünsiyyət qurmağa çalışırlar. 

Bütün bunlar bir daha göstərir ki, həyat tərzi dəyişdikcə, cəmiyyət də dəyişir. İnsanların seçimləri artıq daha fərdi olur. Ailə modeli isə əvvəlki kimi geniş deyil, daha kiçik və sadə formaya keçir.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr