AZ

Epik yaddaşın izi ilə: folklorşünaslar Qırx Batır” haqqında dastan silsiləsini təhlil ediblər

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 may, AZƏRTAC

AMEA Folklor İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hibrid formatda təşkil edilən seminarda əməkdaşlar, doktorant və dissertantlarla yanaşı, Bakı Avrasiya Universitetinin təcrübə keçən tələbələri və Əl-Fərabi adına Qazax Milli Universitetinin doktorantı da iştirak edib.

İnstitutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev folklorşünaslıq araşdırmalarında tarixi, mədəni və ictimai amillərin qarşılıqlı əlaqədə öyrənilməsinin əhəmiyyətindən danışıb. O, epik mətnlərin formalaşma prosesinin yalnız mətn səviyyəsində deyil, bütöv mədəni yaddaş kontekstində qiymətləndirilməsinin vacibliyini qeyd edib. Hikmət Quliyev bildirib ki, müxtəlif variantların, semantik qatların və tarixi transformasiyaların müqayisəli şəkildə öyrənilməsi problemin mahiyyətini daha aydın şəkildə ortaya qoyur. Direktor elmi müzakirələrin yeni sualların yaranmasına, mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinə və araşdırmaların istiqamətləndirilməsinə xidmət etdiyini vurğulayaraq seminarın aktual elmi məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru dosent Qumru Şəhriyar “Qırx Batır” haqqında dastan silsiləsi: strukturu və formalaşması” mövzusunda çıxış edib. O bildirib ki, “Qırx batır” haqqında dastan silsiləsi qazax epik ənənəsinin mühüm hissəsini təşkil edir və özünün geneoloji quruluşu ilə seçilir. Məruzəçi “Qırx batır” haqqında dastan silsiləsinin struktur xüsusiyyətlərini, geneoloji bağlarını və epik sistem daxilində formalaşan qəhrəmanlıq ənənələrini təhlil edib. Qumru Şəhriyar “Qırx batır” silsiləsinin adlandırılması ətrafında mövcud elmi mübahisələrə də toxunub. O bildirib ki, müxtəlif tədqiqatçılar silsiləni “Krımın qırx batırı”, “Qırımın qırx batırı” və “Noqayın qırx batırı” kimi fərqli şəkildə təqdim etsələr də, bu adlandırmaların mənşəyi hələ tam aydınlaşdırılmayıb. Araşdırmada göstərilib ki, dastanların hadisələri əsasən Qızıl Orda coğrafiyasında – indiki Qazaxıstanın qərb hissəsi və Rusiyanın bəzi ərazilərində cərəyan edir. Məruzədə “Noqayın qırx batırı” variantının yaranması, yırav İdris İshaqulından yazıya alınması və folklorşünas Zeyid Kaybalıyevin topladığı materialların sonrakı taleyi barədə də məlumat verilib.

Məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı çıxış edərək türk epik ənənəsində qəhrəmanlıq mətnlərinin yalnız müstəqil süjetlərdən ibarət olmadığını, eyni zamanda, kollektiv yaddaşı, geneoloji bağlılıqları və etnik-mədəni kimliyi özündə birləşdirən bütöv sistem kimi çıxış etdiyini vurğulayıb. Professor qəhrəmanlıq ideallarının, epik zaman anlayışının və nəsil bağlılıqlarının bu mətnlərin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Türk xalqları folkloru şöbəsinin müdiri professor Əfzələddin Əsgər bildirib ki, “Qırx batır” dastan silsiləsi yalnız epik irs nümunəsi kimi deyil, həm də türk xalqlarının tarixi yaddaşını və etnik-mədəni kimliyini əks etdirən mühüm mənbə kimi dəyərləndirilməlidir. Professor qeyd edib ki, “Qırx batır” silsiləsi ilə bağlı tədqiqatlar yetərli deyil və bu epik irsin daha geniş elmi müstəvidə öyrənilməsinə ehtiyac var.

Folklor nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru professor Füzuli Bayat təqdim olunan araşdırmada təsviri yanaşmanın analitik təhlildən üstün mövqe tutduğunu qeyd edərək, təfərrüatların metodoloji baxışlarla əvəzlənməsinin zəruriliyini və təhlilin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi professor Almaz Həsənqızı bildirib ki, elmi təqdimatlarda əsas istiqamətlərin və problemlərin əvvəlcədən müəyyənləşdirilərək slaydlar vasitəsilə ardıcıl təqdim olunması tədqiqatın məzmununun daha aydın qavranılmasına imkan yaradır. Professor həmçinin müəyyən sahələr üzrə Azərbaycanda araşdırmaların olmadığı barədə fikirlərlə razılaşmadığını bildirərək bütün mövcud elmi mənbələri əhatə etməyin mümkün olmadığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr