ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Bakıda göz əməliyyatından sonra görmə qabiliyyətini itirdiyini iddia edən vətəndaş aidiyyəti qurumlardan kömək istəyir.
Gununsesi.info-ya daxil olan məlumata əsasən, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini İsmayılov Qalib Vaqif oğlu iddia edir ki, 27 yanvar 2026-cı il tarixində “Bakı Göz Klinikası”nda həkim Mahir Əhmədov tərəfindən sol gözündən “katarakta və astiqmat” əməliyyatı olunub.
Onun sözlərinə görə, əməliyyatdan cəmi bir neçə saat sonra sol gözünün görmə qabiliyyəti tamamilə itib və nəticədə ömürlük əlilliklə üzləşib.
Şikayətçinin bildirdiyinə görə, əməliyyatdan əvvəl sol gözündə ciddi görmə problemi olmayıb və normal şəkildə görə bilib. Lakin həyata keçirilən əməliyyatdan sonra vəziyyəti qəfil ağırlaşıb.
Qalib İsmayılov baş verənlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, məsələ üzrə “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” tərəfindən ekspertiza keçirildiyini bildirib.
O iddia edir ki, ekspertiza rəyi obyektiv olmayıb və həkimin məsuliyyətdən yayınmasına xidmət edib.
“Ekspertiza düzgün aparılmadı. Hadisəyə ədalətli və peşəkar yanaşılmadığını düşünürəm. Mən sağlam şəkildə girdiyim əməliyyatdan sonra görmə qabiliyyətimi itirmişəm”, – deyə şikayətçi qeyd edib.
Onun sözlərinə görə, ailəsi beş nəfərdən ibarətdir və iki azyaşlı övladı var. Ailənin yeganə gəlir mənbəyi özü olduğundan, əmək qabiliyyətini itirməsi ailənin sosial vəziyyətinə də ciddi təsir göstərib.
Şikayətçi araşdırma aparılmasını, hadisənin obyektiv şəkildə araşdırılmasını və ekspertiza rəyinə yenidən baxılmasını istəyir.
Şikayətçi istəyində haqlı olsa da, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin məhkəmə-histoloji şöbəsinin müdiri Ədalət Həsənovun ədaləti şübhə doğurur.
Görmə qabiliyyətini ömürlük itirmiş şəxsə ekspertiza hansı əsasla, niyyətlə obyektiv rəy verməyə bilər?
Şikayətçinin gözlərini həkim səhlənkarlığı tutubsa, ekspertizanın gözlərini nə tutub?
Əgər bir insan əməliyyatdan dərhal sonra görmə qabiliyyətini itirdiyini bildirirsə, belə halda ekspertizanın vəzifəsi yalnız sənədləri mexaniki şəkildə toplamaq yox, əməliyyata qədərki və sonrakı tibbi vəziyyəti detallı şəkildə müqayisə etmək, mümkün tibbi səhvləri araşdırmaq, istifadə olunan metodları, avadanlıqları və əməliyyat gedişini peşəkar səviyyədə təhlil etməkdir.
Əks halda, ekspertiza cəmiyyətin gözündə etimadını itirir.
Qeyd edək ki, qarşı tərəfin – adıçəkilən klinika və həkimin mövqeyini dərc etməyə hazırıq.
Elmar
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.