AZ

Tütün sahələrini sərfəli şəkildə sığortalamaq mümkündür: sığorta haqqının 50 faizini dövlət ödəyir

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan güzəştli aqrar sığorta mexanizmi vasitəsilə tütün sahələrinin sığortalanması prosesi davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, fermerlər iqlimə həssas olan tütün bitkisini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sərfəli şəkildə sığorta edə bilərlər.

Təbiət hadisələrinə qarşı həssas olan tütün bitkisi müxtəlif səbəblərdən zərər görə bilər. Tütün sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Bundan başqa, tütün məhsulu dolu səbəbindən keyfiyyət itkisi riskinə qarşı da həssasdır. Belə ki, dolunun zərər vurduğu tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər. Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir.

Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə fermerlər tütün sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu (ASF) tütün sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 186 min manat ödənişlər həyata keçirib. Bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib. Sığorta ödənişləri bu il də davam etməkdədir.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.

Seçilən
15
3
azertag.az

4Mənbələr