AZ

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirilib.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda, ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışaraq qeyd edib ki, təhsil müəssisəsində müasir standartlara uyğun yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Kollegiya sədri Anar Bağırov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr tələbatının ödənilməsində mühüm rol oynayır və tarixən həmin torpaqlarda kök salmış təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin strateji əhəmiyyəti danılmazdır.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tələbələrlə görüş zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sədr son illərdə VK-da aparılan institusional islahatlar, vəkil korpusunun genişləndirilməsi, davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb. O, tələbələrlə peşə təcrübəsini bölüşərək vəkillik institutunun tarixi inkişaf yolu, hüquqi yardımın əlçatanlığının artırılması, regionlarda hüquqi xidmət imkanlarının genişləndirilməsi və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.

Görüşdə VK-nın üzvü, Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov iştirakçılarla zəngin peşə təcrübəsini bölüşüb. O, peşəkarlığın, dürüstlüyün və ədalət prinsiplərinə sarsılmaz sədaqətin bu sahədə uğurun əsas şərti olduğunu bildirib.

VK-nın Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov hüquqşünaslıq peşəsinin cəmiyyətdəki əhəmiyyətindən danışıb, vəkillik fəaliyyətinin dərin bilik və peşəkarlıqla yanaşı, yüksək mənəvi məsuliyyət tələb edən xidmət olduğunu vurğulayıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkillik peşəsinin perspektivləri və peşə etikası ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
8
10
azerbaijan-news.az

10Mənbələr