AZ

Şəhərlər üzərindən qurulan yeni diplomatik körpülər

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ümumdünya Şəhərsalma Forumu World Urban Forum Azərbaycanın şəhərsalma təcrübəsini təkcə təqdim etdiyi bir platforma deyil, həm də onu qlobal standartların fonunda yenidən qiymətləndirdiyi bir “güzgü” rolunda çıxış edir. Bu forum ölkəyə sadəcə tanıtım imkanı yox, həm də öz urban inkişaf modelini beynəlxalq rəqabət mühitində sınaqdan keçirmək imkanı yaradır.

Qarabağ və başqa bölgələrdə formalaşan yeni şəhər konsepsiyası burada lokal layihə kimi deyil, qlobal urban inkişafın laborator nümunəsi kimi dəyərləndirilə bilər.

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, BMT-nin himayəsi altında keçirilən Dünya Şəhər Forumu (World Urban Forum – WUF) qlobal urbanizasiya, davamlı inkişaf və şəhər idarəçiliyi sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Forum şəhərlərin gələcəyi, infrastruktur siyasəti, sosial inkişaf, iqlim dəyişikliklərinin təsirləri və dayanıqlı urbanizasiya məsələlərinin müzakirəsi üçün dövlətləri, beynəlxalq təşkilatları, ekspertləri və siyasi qərarvericiləri bir araya gətirir.

Politoloq vurğulayıb ki, Azərbaycan üçün WUF-un əhəmiyyəti yalnız şəhərsalma məsələləri ilə məhdudlaşmır. Bu platforma ölkənin siyasi, iqtisadi və diplomatik maraqları baxımından da strateji məna daşıyır.

“Son illərdə Azərbaycanın şəhər və regional inkişaf siyasəti xüsusilə postmünaqişə dövründə yeni mərhələyə daxil olub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları urbanizasiya sahəsində ölkənin yeni inkişaf modelini formalaşdırır. WUF kimi beynəlxalq platformalarda iştirak Azərbaycana öz təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək imkanı yaradır. Bu həm ölkənin “yumşaq güc” (soft power) elementlərinin gücləndirilməsi, həm də yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətlidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız hərbi və iqtisadi göstəricilərlə deyil, həm də innovativ idarəetmə modelləri və dayanıqlı inkişaf siyasəti ilə ölçülür”-deyən politoloq qeyd edib ki,

WUF Azərbaycan üçün investisiya və texnoloji əməkdaşlıq perspektivləri də açır. Şəhərlərin rəqəmsallaşdırılması, yaşıl enerji infrastrukturu və dayanıqlı nəqliyyat sistemləri sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi ölkənin uzunmüddətli inkişaf strategiyası ilə üst-üstə düşür. Siyasi aspektdən yanaşdıqda isə WUF Azərbaycanın qlobal gündəlikdə fəal aktor kimi çıxış etməsinə xidmət edən platformalardan biridir. Xüsusilə regional dəyişikliklər fonunda ölkənin yeni inkişaf modelini və postmünaqişə bərpa siyasətini beynəlxalq müstəvidə təqdim etmək diplomatik baxımdan da əlavə üstünlüklər yaradır: “Dünya Şəhər Forumu Azərbaycan üçün təkcə urbanizasiya məsələlərinin müzakirə olunduğu bir tədbir deyil, həm də ölkənin beynəlxalq imicinin gücləndirilməsi, inkişaf strategiyasının təqdim olunması və yeni siyasi-iqtisadi əlaqələrin formalaşdırılması baxımından mühüm platformadır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr