AZ

Ranya Şarşr: Şəhərsalma artıq həm də sülh quruculuğu məsələsidir

Ranya
Beynəlxalq Miqrasiya Təşkilatında (BMqT) bildirilib ki, qaçqın və miqrantların şəhərsalma proseslərinə cəlb olunması vacibdir. 1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Bölməsinin direktoru Ranya Şarşr Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü çərçivəsində təşkil olunan “Sülh naminə iqlim fəaliyyəti: həssas və münaqişədən zərər çəkmiş regionlar üçün şəhər həlləri” adlı panel sessiyada səsləndirib.
Onun sözlərinə görə, bu gün iqlim dəyişikliyinin nəticələri, münaqişələr və əhalinin yerdəyişməsi şəhərlərin və icmaların simasını dəyişdirən miqyasda bir-biri ilə kəsişir. Ranya Şarşr qeyd edib ki, iqlim dəyişikliyi kənd yerlərindən şəhərlərə miqrasiyanın və əhali yerdəyişməsinin əsas amillərindən birinə çevrilib ki, bu da urbanizasiya prosesini daha da sürətləndirir. Eyni zamanda, çox vaxt qeyri-rəsmi xarakter daşıyan sürətli şəhər artımı, xüsusilə infrastruktur və xidmətlərin zəif inkişaf etdiyi ərazilərdə istilik dalğaları, daşqınlar, fırtınalar və quraqlıqlar qarşısında həssaslığı artırır və şəhərlərin iqlim risklərinə məruz qalmasını gücləndirir. BMqT nümayəndəsi bildirib ki, şəhər əraziləri iqlim təsirləri, ətraf mühitin deqradasiyası və təbii fəlakətlər nəticəsində, xüsusilə ölkədaxili şəkildə yerindən olmuş insanlar üçün əsas məskunlaşma məkanına çevrilir. Lakin bu şəhərlərin bir çoxu özləri də ciddi həssaslıq içindədir. Sürətli urbanizasiya və iqlim təzyiqlərinin birləşməsi torpaq, mənzil, dövlət xidmətləri, sülh və təhlükəsizlik üzərində böyük yük yaradır. Nümunə kimi Somalinin Moqadişo şəhərini göstərən Ranya Şarşr bildirib ki, uzunmüddətli məcburi köçkünlükdən sonra əhalinin geri dönüşü prosesi gedən bu şəhərdə əhali artımı onsuz da zəif olan səhiyyə, su təchizatı, enerji sistemləri və məşğulluq imkanlarına əlavə təzyiq yaradır. “Artıq həssaslıq və ya münaqişə ilə üzləşən şəraitdə şəhərsalma sadəcə texniki məsələ deyil, bu, həm də sülh quruculuğu məsələsidir. Əgər iqlim fəaliyyəti sülhün möhkəmlənməsinə xidmət etməlidirsə, biz inklüziv, dayanıqlı və miqrasiya faktorunu nəzərə alan şəhər həllərinə investisiya yatırmalıyıq”, - deyə o vurğulayıb. Ranya Şarşr əlavə edib ki, şəhərlər yalnız böhranların cəmləşdiyi məkanlar deyil, həm də həll yollarının formalaşa biləcəyi platformalardır. Yerli hakimiyyət orqanlarının şəhərlərin genişlənməsini idarə etməsinə dəstək göstərilməsi məhdud resurslar uğrunda rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala bilər. Bununla yanaşı, iqlim dəyişikliklərinə davamlı mənzil təminatı və erkən xəbərdarlıq sistemləri təkrarlanan iqlim sarsıntıları ilə üzləşən icmaların daha təhlükəsiz, dayanıqlı və iqtisadi baxımdan qorunan qalmasına kömək edə bilər. Onun sözlərinə görə, sülhyönümlü iqlim fəaliyyəti yalnız emissiyaların azaldılması və ya iqlim dəyişikliklərinə uyğunlaşma ilə məhdudlaşmır. Burada əsas məqsəd bərabərsizliyin azaldılması, etimadın möhkəmləndirilməsi və zərər çəkmiş əhali üçün sabit və ləyaqətli həyat şəraitinin yaradılmasıdır.

“Bu həm də o deməkdir ki, məcburi köçkünlər, miqrantlar, qaçqınlar və onları qəbul edən icmalar daxil olmaqla hər bir insan planlaşdırma və qərar qəbuletmə proseslərinə real şəkildə cəlb olunmalıdır. Çünki şəhərlər inklüziv, dayanıqlı və sabit olduqda, onlar sadəcə sığınacaq məkanı deyil, imkanların, birgəyaşayışın və sülhün məkanına çevrilirlər”, - deyə Ranya Şarşr fikrini yekunlaşdırıb.

Seçilən
13
1news.az

1Mənbələr