2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 7 milyard 179 milyon 791,4 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 7 milyard 716 milyon 69,91 min ABŞ dolları idi. Beləliklə, neft-qaz sektoru üzrə ixrac illik müqayisədə 536 milyon 278,51 min ABŞ dolları və ya 6,95% azalıb.
Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Neft-qaz sektorunun ümumi ixracdakı payı da ciddi azalıb. 2025-ci ilin ilk 4 ayında bu sektor ümumi ixracın 87,84%-ni təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə pay 60,44%-ə düşüb.
Xam neft ixracı azalıb
2026-cı ilin ilk 4 ayında Azərbaycandan 7 milyon 923 min 86,69 ton xam neft və xam neft məhsulları ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 8 milyon 203 min 845,45 ton olmuşdu. Beləliklə, xam neft ixracının həcmi 280 min 758,76 ton və ya 3,4% azalıb.
Dəyər ifadəsində də azalma qeydə alınıb. 2026-cı ilin yanvar-aprel aylarında xam neft ixracının statistik dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olub. 2025-ci ilin eyni dövründə bu göstərici 4 milyard 562 milyon 682,52 min ABŞ dolları idi. Nəticədə, xam neft ixracından gəlir 197 milyon 384,95 min ABŞ dolları və ya 4,3% azalıb.
Təbii qaz ixracında həcm artıb, gəlir azalıb
2026-cı ilin ilk 4 ayında Azərbaycandan 8 milyard 416 milyon 328,74 min kubmetr təbii qaz ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 8 milyard 160 milyon 29,89 min kubmetr idi. Beləliklə, təbii qaz ixracının həcmi 256 milyon 298,85 min kubmetr və ya 3,1% artıb.
Lakin dəyər ifadəsində ciddi azalma qeydə alınıb. 2026-cı ilin yanvar-aprel aylarında təbii qaz ixracının statistik dəyəri 2 milyard 535 milyon 847,49 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 65 milyon 562,12 min ABŞ dolları idi.
Nəticədə, təbii qaz ixracından gəlir 529 milyon 714,63 min ABŞ dolları və ya 17,3% azalıb.
Neft-qaz sektorundakı azalmanın əsas səbəblərindən biri təbii qaz ixracından əldə olunan gəlirin kəskin azalmasıdır. Maraqlıdır ki, qaz ixracının fiziki həcmi artsa da, dəyər ifadəsində ciddi enmə baş verib. Bu isə orta ixrac qiymətinin azaldığını göstərir.
Xam neft üzrə isə həm həcm, həm də dəyər ifadəsində azalma müşahidə olunur. Ümumilikdə, 2026-cı ilin ilk 4 ayında Azərbaycanın neft-qaz ixracında azalma əsasən qaz ixracından gəlirin düşməsi və xam neft ixracının azalması ilə bağlı olub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da