AZ

Gənclər arasında qəfil ölümə səbəb nədir?

Son dövrlər gənclər arasında baş verən qəfil ölüm halları cəmiyyətdə ciddi narahatlıq yaradır. 

Demək olar ki, hər həftə tələbə və ya gənc yaşda bir insanın vəfat etməsi ilə bağlı xəbərlər yayılır.

Dünən AzTU-nun Nəqliyyat və logistika fakültəsinin I kurs tələbəsi Elnur İslamlının vəfat etməsi, bir neçə gün əvvəl isə BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Nərmin Kərimovanın ölümü bu mövzunu yenidən aktuallaşdırıb.

Ardıcıl yaşanan bu hadisələr gənclər arasında ölüm hallarının niyə artdığı sualını yenidən gündəmə gətirir.

Gənclər arasında ölüm hallarının artmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev bildirib ki, bu problemin kökündə bir-biri ilə əlaqəli bir neçə amil dayanır:

"Belə ki, bu gün dünya miqyasında ekoloji tarazlığın pozulması insan sağlamlığına ciddi təsir göstərir. Havanın, suyun və torpağın çirklənməsi, eləcə də keyfiyyətsiz qida məhsullarının artması orqanizmin təbii müdafiə sistemini zəiflədir.

Hazırda insanlar daha çox kimyəvi qatqılı, fast food və emal olunmuş qidalarla qidalanır ki, bu da uzunmüddətli sağlamlıq riskləri yaradır.

Digər mühüm amil isə müasir dövrdə artan stress və psixoloji gərginlikdir. Gənclər təhsil, gələcək qayğıları, sosial müqayisələr və iqtisadi çətinliklər səbəbindən daha çox təzyiq altında qalırlar.  Bu vəziyyət orqanizmdə yorğunluq, immun sisteminin zəifləməsi və müxtəlif sağlamlıq problemlərinə gətirib çıxara bilər".

Onun sözlərinə görə, müasir həyat tərzi də sağlamlığa mənfi təsir göstərir:

"Yuxu rejiminin pozulması, hərəkətsiz həyat tərzi, düzgün olmayan qidalanma və gigiyenik qaydalara kifayət qədər əməl edilməməsi riskləri artırır.

Xüsusilə gənclər arasında telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə diqqət dağınıqlığına, yuxusuzluğa və gündəlik rejimin pozulmasına səbəb olur.

Həmçinin, müasir müharibələr yalnız silahlarla deyil, eyni zamanda radiasiya, kimyəvi təsirlər və ekoloji fəsadlarla da insan sağlamlığına zərər verir. Eyni zamanda müxtəlif laboratoriya və viruslarla bağlı iddialar da cəmiyyətdə əlavə narahatlıq yaradır".

A. Əliyev qeyd edib ki, bütün bu amillər fonunda sağlam həyat tərzi daha da önəmli hala gəlir:

"Gənclərə təmiz su içmək, təbii və yaşıl qidalara üstünlük vermək, yuxu rejimini qorumaq və fiziki aktivliyi artırmaq tövsiyə edilir. Beynin normal fəaliyyəti üçün su və yuxu əsas şərtlərdən sayılır. Gənclər arasında erkən ölüm hallarının artması bir neçə səbəbin birgə təsiri ilə bağlıdır.

Ekoloji vəziyyət, həyat tərzi, psixoloji gərginlik və sosial mühit bu prosesdə əsas rol oynayır. Buna görə də sağlam həyat vərdişlərinin formalaşdırılması və profilaktik tədbirlərə diqqət yetirilməsi xüsusi əhəmiyyət daşıyır".

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr